DÖYÜŞƏ QOCALAR GƏRƏK GEDƏLƏR…

25.09.18

Döyüşə qocalara gedələr gərək,

Qocaların yeri cəbhə, döyüşdür.

Gülləyə, mərmiyə sinə gərərək,
Ölmək qocalara yaraşan işdir.

 

 

Haçan altmışa yaşı ki, çatır,
Gərək hər kişiyə çağırış gələ.

Deyələr bu forman, bu avtomatın,
“Əsgərsən bu gündən sən də müsəlləh”.

 

 

Maşına, qatara minib yollana,

Döyüş bölgəsinə birbaşa gedə.

Nə karantin ona, nə təlim ona?

Yaşının bu vaxtı nə dərs hərbdən?

 

 

Evdəkilərçin də getməyi yaxşı,
Axı getməsəydi neyləyəcəkdi?

Qoca ya əsəbdir ya baş ağrısı,
Cəbhədə özü də dincələcəkdir.

 

 

Arvad sevgisindən soyuyub daha,

Yastıqdan yastığa il məsafəsi,

Hərdən həvəsi yox heç yaşamağa,
İndi ölməyədir onun həvəsi…

 

 

Səngər pusqusunda, qarovulda ya,
Qocanın, əlbəttə, yox bərabəri.

Yuxusu çəkilmiş neçə qoca var,
On cavan əsgərə dəyər hər biri.

 

 

Birdən həndəvəri yağı alanda,
Qocalar döyüşə girirlər o an.

Yıxılan da olur, yaralanan da,

Qan elə çox axmır. Qocada nə qan…

 

 

Bükülüb-bağlanır həlak olanlar,
Hər kəs çatdirilır ailəsinə,
Tələsik, sakitcə dəfn olunurlar.

Hamı öz işinə qayıdır yenə.

 

 

Düşür nəvələrin davası əvvəl,

Üçüncü dərəcə medala görə,
Sonra danışaraq sülhə gəlirlər,

Növbəylə çiləmə çıxarır hərə…

 

 

Sınama, İlahi, heç atanı sən,
Dərdiylə on səkkiz yaşındaların!

Övlada gələnlər ataya gəlsin,
Qoyma ürəyinin başı dağlana!

 

 

Sənin iradənsə müharibələr,
İradən önündə həqir duranıq.

Gəncin yeri deyil cəbhə və səngər,
Qoy axsın qocanın soyuyan qanı…

14.10. 2018

Samara

Реклама