TEOFİL QOTYE. VENETSİYA KARNAVALI: KÜÇƏDƏ

gautier_big-min

Dans la rue.

Bir ariya var ki, qədim və məşhur,

Bütün skripkalar vizıldadırlar,

İtlər cin atına minib hürüşür,
Elə ki orqanda dinir ariya.

 

 

Yazılıb musiqi  qutularında

Repertuarlara ariya çoxdan.

Sarı bülbüllərə klassikadır,

Nənəm əzbər bilir uşaqlığından.

 

 

Pudralı pariklə dolu balları,

Bu havanı çalıb orkestr bəzər.

Qrizetlər, klerklər coşub tullanar,
Quşlar baş götürüb yuvadan gedər.

 

 

Mayaotu da var, doqquzdon da var.

Çardağın altında, sənin, meyxana.

İçkili nəqarat qulaq batırar,
Bazar günü, şərab su kimi axar.

 

 

Gah düşür, gah düşmür barmağı nota.

Gözü yaşlı zəlil faqot mələdir.

Hərdən mırıltıyla ona dəm tutur,
Ağzında pul qabı dayanan iti.

 

 

Və arıq, balaca gitaraçılar,
Nazik tartanlarda üşüsələr də,
Kafeşantanlarda yeyib-içənə,

Onu oxuyurlar qüssəli səslə.

 

 

Böyük və fantastik Paqaninisə,
Bir axşam ucuyla sanki qarmağın,

Özünün ilahi kamanəsinə,
Çəkib bənd elədi qədim havanı.

 

 
Köhnə naxışları hələ sönməyən,
Xalıya can verdi mahir əliylə.

Hamını bezdirmiş havada birdən,
Qızıl arabesklər oynadı yenə.

 

Fransızcadan tərcümə

22-13. 10. 2018

Samara

Реклама