TEOFİL QOTYE. DƏNİZDƏ QÜSSƏ

gautier_big-min

             Tristesse en mer

Göydə qağayılar oynaşar, süzər;
Ağ çapağanları coşan dəryanın,
Şahə qalxmadadır dalğalar üstdə,
Yellənir havada uzun yalları.

 

 

Günün gedən vaxtı; sısqa yağışsa,
Söndürür qürubun ocaqlarını.
Tüstü tüpürərək buxar gəmisi,
Gedir, dalınca da qurum qaralır.

 

 

Açıq səmadan da rəngim indi ağ,

Kömür diyarına yollanıram mən.

Suisid yurduna, dumanlı yurda,

 — Belə vaxtı seçər intihar edən.

 

Acgöz ehtirasım görünməz olur,
Düşərək ağaran acı girdaba.

Gəmi rəqs eləyir, sular burulur,

Artırır gücünü külək anbaan.

 

 

Ah, qəlbim necə də qayğılanıbdır,
Okean ah çəkir, sinəsi şişir.

Ümidsizlik onun canını sarır,

Məni başa düşən dostdur elə bil.

 

 

Qoy olsun – ağrısı ölən sevginin,

İtən ümidlərin, aldanışlarım,
Onlar atılsınlar zirvədən indi,

Girdabın bu dərin şırımlarına!

 

 

Məhv olun! Keçmişin iztirabları!

Dönmək adəti var onların, gəlib,

Qasnaq bağlayanda qəlb yaraları,
Yenə qanadırlar  qazıyıb, dəlib.

 

 

Get, yox ol, kabusu arzularımın,

Ölümcül peşmanlıq təcəssümləri,

Qanlı ürəyində yeddi qılınc var,
Ağır iztirablar anası kimi.

 

 

Hər fantom baş vurur suya və elə,

Çox çəkmir dalğayla əlbəyaxası.

Bir anın içində dalğa üstələr,
Hönkürtü qoparıb udar kabusu.

 

 

Həm miskin, həm nadir incilərdiniz.

Daşınmaz yükdünüz siz ürəyimdə,

Batın! Və elə ki, çatar qərqiniz,
Enərəm dənizin dibinə mən də.

 

 

 

Göyərər və şişər, tanınmaz hallı,
Dəli dalğalardan layla dinləyər,

Yaş qumu başımın altına alıb,

Körpə tək yataram səhərə qədər.

 

 

…Ancaq mantiyalı bir qadın indi,
Oturub körpünün bir tərəfində.
Cavandır bu qadın, məlahətlidir,
Birdən baxışını mənə döndərir.

 

 

Və Rəğbət onun bu baxışlarıyla,
Açır qollarını mənim dərdimə.

Elə bil bacıdır, sevgilidir ya,

Salam, mavi gözlər! Dəniz, gedirəm!

 

 

Göydə qağayılar oynaşar, süzər;
Ağ çapağanları coşan dəryanın,
Şahə qalxmadadır dalğalar üstdə,
Yellənir havada uzun yalları.

 

Fransızcadan tərcümə

27-29. 10. 2018

Samara