SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: QARABAĞ XANLIĞI YA QARABAĞ ÇOBANLIĞI?

samed-stalin.jpeg

Doğrudan da Vaqifin oğlunun toyu “Vaqif” komediyasında ən gülməli səhnələrdəndir. Saraya çiynində quzu ilə girən çoban Eldar (əslində, Vaqifin dostuydusa, çoban gərək toya qoyunla yox, arvadıyla gələydi…) xana salam vermir. Sonra Qarabağ xanını it adlandırır:

Ancaq olmasaydı kasıb kəndlilər,
Bunca qudurtmazdı sizi simü zər…

Fikir verirsiniz çobanın dilinə? “Qızıl-gümüş” demir, “simü zər” deyir… Məlum deyil ki, quzu bütün səhnə boyu onun çiynindədir, ya düşüb gəzir xan sarayını…

Məsələ burasındadır ki, o illərdə də, ondan sonra da, sovet dağılanacan, Azərbaycan məktəblərinin çoxunda dəhlizlərdə, xüsusi guşələrdə rusların tarixi şəxsiyyətlərinin, sərkərdələrinin şəkilləri asılardı. Məsələn, şücaətləri şübhəli olan Aleksandr Nevskinin, Dmitri Donskoyun. Səməd Vurğun çoban Eldarı önə çıxarıb İbrahim xanı poxa döndərir. Bütün mümkün qüsurlarına və hətta törətdikləri qəddarlıqlara baxmayaraq, xanlar dövlətçiliyimizin əsaslarını yaradıblar, “xanlıq” xan sözündəndir, dövlətləri çobanlar yaratsıydılar, xanlıq yox, “çobanlıq” adlanardı…

Və qəribədir ki, bilinmir çoban Eldar xandan nə istəyir, onun konkret iddiası nədir. Səməd Vurğunun öz iddiası məlumdur: xalq qəhrəmanını qaniçən monarxa qarşı qoyub monumental səhnə yaratmaq. Ancaq dağ siçan doğur. Qarşıdurma sünidir və inandırıcı deyil – çobanla xanın nə qarşıdurması?

«Bu xan bir ilanmış, saray – yuvası,

Zəhrimar qoxuyur onun havası».

Bunu Vaqif deyir və məlum deyil ki, xan ona nə pislik edib. Üstəlik and içir ki, “iş ki belə düşdü, meydanda varam!”

Kənd mirzəliyindən, müəllimlikdən vəzirliyə qaldırılmış adamın xandan nə gileyi olmalıdır? Və arxası, kökü olmayan bir şair Qarabağ xanıyla necə ayaq-ayağa verə bilər? Bütün bunlar, əlbəttə, Səməd Vurğunun primitiv və heç bir tarixi əsası olmayan fantaziyalarıdır, ancaq gülməli (bəlkə də ağlamalı) odur ki, səksən ildən bəri millət bu fantaziyaları ikimədəlilər kimi çeynəməkdə davam edir…

Və sonra Əli bəy xəbər gətirir ki, “ata, həbs etdilər yazıq Eldarı…”

Çoban Eldar Qarabağ xanının nəyinə lazımdır?

İndi təsəvvür edin ki, bir çoban, deyək ki, Şamaxı çobanı (təəssüf ki, daha Qarabağ çobanı yoxdur…) çiynində quzu gəlib girir prezident sarayına, özü də İlham Əliyevə salam vermir…

Mən özüm təsəvvür elədim, az qaldım gülməkdən öləm…

Sonra səhnəyə Xuraman gəlir. Gələn kimi 20-25 misralıq cəfəngiyatı deklamasiya edir. Əvvəl Vaqifdən qabaqkı ərini yadına salır. Sonra deyir ki, başını yeyib verdilər Vaqifə. Vaqifsə “qoltuqlarda gəzib dolanır, Çox vaxt da su kimi rəngi bulanır, elə dərd tökülür qaş-qabağından…”

Bir sözlə, at getsin. Hə? Yox, burda ayrı misra gəlir:

«Ancaq çox razıyam qanacağından…»

Qaş-qabağından daim dərd tökülən kişidə nə qanacaq?

Bu hadisələrin baş verdiyi vaxt Vaqifin yaşı səksənə yaxın olmalıydı. Səməd Vurğun onu gənc və gözəl dul Xuramana evləndirir ki, İbrahim xanın oğraşlığını göstərə bilsin. Çünki xan binamus olmalıdır və vəzirinin arvadına tamah salmalıdır.

Xandan yaxşı nə gözləyəsən?

Səməd Vurğun 1937-ci ildə hünər eləyib Bağırovun arvadbazlığından yazaydı. Bizim “vətənpərpərvər” və “qeyrətli” şairlərimiz dəridən-qabıqdan və hətta şalvarından çıxıb Mircəfərə təriflər yazırdılar…