SƏMƏD VURĞUNUN «VAQİF» KOMEDİYASI: ÖMRÜNDƏ XAN, KÜBAR GÖRMƏYƏN VURĞUNUN PYESİNDƏ XAN KOLXOZ SƏDRİNƏ OXŞAYIR…

samed-stalin

“Vaqif” komediyasının komediyalılığı ən əvvəl ondadır ki, uşaqlığında olsa-olsa kəndxudanı və uzaqdan-uzağa hansısa lüt bəylərdən birni görmüş adam xanlığı, xan sarayını, saray çəkişmələrini təsvir etməyə çalışır. 1937-ci ilə qədər Səməd Vurğun yalnız sovet rəhbərlərinin məişətini, davranışlarını görmüşdü və elə özü də ədəbiyyat sahəsinin yüksək rütbəli məmuru idi. Ancaq bu adamlar bütün firavan həyatlarına baxmayaraq əksəriyyətən gədə-güdə idilər. Və ona görə Səməd Vurğunun komediyasında Qarabağ xanı (!) raykom katibinə oxşayır. “Yaxşı, danışarıq!” – bunu komediyada İbrahim xan Vaqifə, yəni öz vəzirlərindən birinə deyir. Bu, xanla vəzirin danışığı deyil, kolxoz sədri ilə briqadirin davasıdır. Azərbaycan ədəbiyyatşünasları fəxrlə yazırlar ki, Səməd Vurğun bu komediyanı iki həftəyə yazıb. Buna sevinmək yox, ağlamaq lazımdır. Yəni kübarlıq, kübar həyatının, xan sarayının, saray həyatının nə olduğunu bilməyən müəllif gərək ən azı bir il kitabxanalarda gecə-gündüz ədəbiyyat oxuyaydı. Ancaq Səməd Vurğun, Jül Renarın dediyi kimi, beş dəqiqə fikirləşib iki saat yazanlardan olub. Qalan vaxtı isə ceyran ovlayıb ya da ayrı keflər çəkib. Ona görə onun “əsər”lərində hətta mübtəda ilə xəbər də çox vaxt uzlaşmır, ikinci misra birinciyə zidd olur.

Qayıdaq Xuramana. Qətiyyətlə demək olar ki, Səməd Vurğunun beş dəqiqə fikirləşib uydurduğu ailə həyatında canlı inandırıcı heç nə olmadığı kimi, Vaqifə də heç bir aidliyi ola bilməz. Xuraman da Vaqiflə eyni ilə raykom katiblərinin arvadı kimi danışır:

“Deyirlər,

Səni vəzifədən qovlayacaq xan…”

İfadənin özü, yəni “vəzifədən qovlanmaq” sovet-partiya bürokratliyasının yaratdığı dildir və bunun on səkkizinci əsrin xanlığı, ordakı intriqalar, subordinasiya probleemlərinə dəxli yoxdur. Komediya partiya təlimatları əsasında yazılıb: qaniçən (həm də oğraş) xan və ona qarşı duran demokratik xalq şairi. Ancaq xanın qaniçənliyinin, məsələn, kütləvi edamlar ya ayrı belə şeylərin sübutu yoxdur. Və  uzun müddət xanın yanında yüksək mövqe tutmuş Vaqifin də demokratikliyinə sübut olmadığı kimi. On səkkizinci əsrdə nə demokrat? Yaxşı adam? Yaxşı adamın dostu hökmən çoban olmalıydı? Səməd Vurğunun səcdə elədiyi sovet rəhbərləri, məsələn, Bağırov, bağında çobanlarla dincəlirdi, arvadbazlığı çobanlarla eləyirdi?

Komediyanın hər misrasından sovet-bolşevik təfəkkürü, ifadə tərzi, sovet qəzetlərinin şablonları pırtlayıb çıxır.

“Onu başqa ruhda böyüdüb zaman”.

Bunu Vaqif Xuraman haqqında deyir, əslində bu, partiya iclaslarının, yoldaşlıq məhkəmələrinin dilidir, bədnam «Kommunist» qəzetinin dilidir…

Ümumilikdə isə komediyanın dili gülüşdən çox dəhşət doğurur.

İbrahim xan yuxusunu danışır:

Elə bir dəniz ki, büsbütün qandır,
Onun dörd tərəfi qara dumandır.

Dəənizin düzbucaqlıdır ki, dörd tərəfi olsun? Yəni Hər tərəfi? Dənizin hər tərəfini necə görmək olar? Təyyarədən? On səkkizinci əsrdə?

Bu dənizdə üzür qayıqlar,

Get-gedə sıxlaşır bu qayalıqlar…

Hansı qayalıqlar? Hər tərəf dumandısa, qayalıqlar hardan göründü?

 

Vaqif:

Çünki sözlərimdə doğruluq vardır,

Yalançı yaltaqlar və oğrulardır.

Başa düşdünüz? Birinci misra ilə ikinci misranın nə əlaqəsi? İkinci misranın mənası var?

Реклама