KÜR ƏHVALATI

KÜR 7

                  lələmin xatirəsinə

Köhnə evimizin bağdı qabağı,

Çəpərdən o yana kənd yolu vardı.

Qayalı sahildi yolun qırağı.
Kürün yatağıydı qayanın altı.

 

Bizimdi üzümlü, narlı bağıyla,

Yastı-yapalaq ev yulğun çəpərli.

Yol camaatındı, kolxozun ya da,
Kür də özbaşına axırdı elə.

 

Bezikib elə bil öz yatağından,

Onu dəyişirdi, yeyib qayanı.
Yola da girişdi bir qırağından,

Çəpəri apardı, bir az dayanıb.

 

Sonra bağa girdi, üzümü, narı,
Kökündən qoparıb aldı qoynuna.

Yazın gələn vaxtı hampazor, harın,
Daşıb az qalırdı çıxa eyvana.

 

İldə üzü bir yol gülməyən lələm,
Təzə ev tikirdi aralı Kürdən.

Bir vaxt bolşeviklər lüt elədilər,
İndi su yeridi üstünə birdən.

 

Söyməzdi soveti, bolşevikləri,
Deyəsən yanmırdı itirdiyinə.

İndi də üstünə görüb Kür gəlir,
Yaş yox, axıdırdı alın tərini.

 

Ona tale idi sovet də, Kür də,
Taleyə həmişə baş əyən idi.

Nə acığı vardı, bizə tökürdü,

Tale qarğışıydıq, tale deyildik.

 

15.11. 2018

Samara

Реклама