«VAQİF» KOMEDİYASI. ŞAH QACAR SIRAVİ ƏSGƏRİYLƏ QILINCLAŞIR, ELƏ BİL SALYAN UŞAQLARI BIÇAQLAŞIRLAR…

samed-stalin

Demək lazımdır ki, Səməd Vurğun bu komediyasında Vaqifi həm şair kimi (onun dilindən öz cəfəng şeirlərini dedirtməklə), həm diplomat kimi gözdən salır və hətta onu oğraşa çevirir. Vaqifin arvadı guya xanla… o söz… Burda əgər Vaqif qan töksəydi – öz qanını, xanın qanını, Xuramanın qanını – bu pyes olardı faciə. Sarayı tərk edib getsəydi, olardı dram. Ancaq arvadı xanla guya sevişən Vaqif yenə saraydadır. Bu olur kukold-komediya. Kim deyə bilər ki, olmur?

İki həftəyə yazılmış bu məzhəkədə guya tarixi olan hadisələrin heç bir məntiqi izahı, bünövrəsi yoxdur. Qacar iki gürcünü qapışdırmaq istəyəndə “birdən arxada (?), orduda üsyan qalxır”. “Bir nəfər əsgər yüyürərək Qacarın qarşısında durur”.

Qeyd etmək lazımdır ki, Qacarın yanında sərkərdələr, zabitlər, keşikçilər, cangüdənlər yoxdur. Bir başdan xarab vəzir var ki, tez-tez deyir “buyruq sizinkidir, adil hökmdar”.

Sıravi əsgər gəlib İran şahının qabağında durur? Lap belə yalançının…

“Bəsdir, vuruşmaqdan yorulduq daha,
Barı kor vicdanın baxsın Allaha!”

Bunu azərbaycanlı yazıb? Necə yəni “vicdanın Allaha baxsın”?

Qacar qılıncını çıxarır və başlayır əsgərlə qılınclaşmağa…

Belə döyüş mənə Salyan bıçaqlaşmalarını xatırladır. Salyanda elə indiyəcən belə bıçaqlaşırlar. Ancaq şah əsgərlə bıçaqlaşa? Allahu əkbər! Lənət şeytana! Qulaqlara qurğuşun!

Gürcülər fürsətdən istifadə edib qaçırlar. Gürcülər hamısı müsbətdirlər. Belə komediyaya Stalin necə mükafat verməsin?

Sən demə Qacarın qapıçısı da vampir imiş (bilinmir ki, qapıçı nə vəzifədir. Qarovul rəisi?). Deyir ki, Qacarın qanından doyunca içmək istəyir…

Sonra «qalın meşəli dağ» təsvir olunur. Eldarın dəstəsi kefdədir. Toğlu şişə çəkirlər. Maraqlıdır, bunlar kimin hesabına yeyib-içirlər? Çuvallarında “bir arpa belə” olmayan kəndlilərin?

Kürd Musa (əlbəttə, kürd. Kürdsüz necə ola bilər?) bayatı deyir…

Kürd bayatı deyir…

“Qərənfiləm qələmsiz…”

Qərənfilin qələmi olur?

Sonra Kürd Musa erotik şeir deyir:

“İsti otaq, bir qız…” və s.

İlyas yadınızdadır? İbrahim xanın Ştirlitsi? Hə, o da burda qaçaqlar arasında təxribat işi aparır. Deyir ki. xana batmaq olmaz. Xanın topu, tüfəngi var. Kürd Musa onun cavabını verir:

“Qorxutmasın səni xan,

Yapışıb boğazından,
Boğarıq sərçə kimi…”

Hörmətli soydaşlar! Yaxşı diqqət verin bu söhbətlərə, bütün komediya bu səvyyədədir, bu, Azərbaycan sovet ədəbiyyatının səviyyəsidir, bu, indiki Azərbaycanın rəsmi ədəbiyyatının səviyyəsidir, bu, Azərbaycan teatrının səviyyəsidir…

Və bu dəstənin başçısı çoban Eldardır. Çoban da elə Afrikada da çobandır.

Təbii ki, çoban gərək marksist-leninçi nitq söyləyə.

Eldar:

“Bir ağ gün görmədi bizim sonalar…”

Necə görmədi? Vaqifin gəlini bir dəstə qızla bənövşə yığır…

“Öldü diri gözlü yazıq analar…”

Bir şey başa düşdünüz? Analar hər yerdə ölürlər… Elə atalar da… Necə yəni “diri gözlü”?

“Böyük sarayları qurub tikən biz,
Qışın şaxtasında taxıl becərən,

Bizk, biz!”

Hansı ölkədə, hansı köpəkoğlu qışın şaxtasında taxıl becərər? Bunu yazanda Səməd Vurğun kefli olub ya nəşəli?

“Asıldıq hər zaman dar ağacından…”

Qarabağ xanlığında başqa iş yox imiş, elə “şaxtada taxıl becərənləri” dar ağacından asırlarmış? Niyə?

Kürd Musa:

“Ay Eldar, doğrudan, bu bəylər ki, var,

Bur azca arpası çox düşən zaman,

Yabı cinsi kimi şıllaq atırlar….”
Bəh-bəh! Şillər dincəlir!

Bu komediyaya yəqin Üzeyir bəy də əl çalırmış…

Bizim mədəniyyətimizi yaradanların çoxu elə bəy nəslindən olub. Çobanın opera ya roman yazdığını indiyəcən eşitməmişəm…

Yenə gürcülər peyda olurlar. Yenə “dağ-dərə”.

“Qana döndü dağ dərə”….

Bəlkə qana bulaşdı?

Məlum olur ki, çoban Eldar Gürcüstanı çox yaxşı tanıyır. Yəqin ildə bir neçə dəfə ailəsiylə orda dincəlirmiş.

“Çox keçmişəm hər gölündən,
Gürcüstanın dost elindən…”

Göldən necə keçirlər?

Eldar:

“İndi uşaqlar
Aparıb ötürsün sizi Tiflisə…”

Yəni lap Tiflisə? Qatarla? Ağstafa stansiyasından?

Yox, mən hələ indiyəcən belə gülməli komediya oxumamışdım!

Yox, burda da Kürd Musasız iş keçmir. Çoban Eldar ona tapşırır ki, beş-altı atlı götürüb qonaqları yola salsın…

Sonra “qoca bir qarı” gəlir. (Qarının cavanı olur?)

Məlum olur ki, xanın Ştirlitsi, yəni İlyas “qoca qarının” inəyini oğurlayıb!

Lənət şeytana!

Ştirlits – mal oğrusu?

Çoban Eldar cibindən bir dəst pul çıxarıb verir qarıya. Pul çoban Eldarda zibil kimidir . Hardandır – məlum deyil…

 (ardı var)

Məqalənin tam mətni burdadır:

https://xeyrulla.com/2018/11/09/səməd-vurgunun-vaqif-komediyasi-ilə-bagli-qeydlər/

Реклама