S. VURĞUNUN «AYGÜN» KOMİK POEMASI. «GECƏLƏR ALIŞAN YER ULDUZLARI, ATAMIZ LENİNİN ƏMƏLLƏRİDİR…”

bağırov_vurğun

Nazirin demaqoqiyası “gənc aqronomları” alışdırır, ancaq:

“Şad olmadı ürəyində yoldaş Əmirxan”.

Aha! Yoldaş Əmirxan narazıdır!

Ancaq utandığından etiraz eləmir… Yoldaş Əmirxan utancaqdır…

Yoldaş Əmirxan arvadına deyir ki, yığışsın, “Muğana aqronom gedir”.

Aygün nazirin əmirini görəndə:

“Özü də bilmədən xəyala getdi”.

Getdi ya daldı? Aha! Sonra “etdi” qafiyəsi gəlir…

Xəyala əslində elə belə, “bilmədən”, dalırlar, bilə-bilə kim xəyala dalır?

Aha! Aygün getmək istəmir!
“Yaxşı, institutu qurtarmayım mən?”

Gəlin tələbəymiş. İndi bildik.

Əmirxan deyir ki, sənə diplon-zad lazım deyil, “dalında dağ kimi dayanacağam”.

“Olmazmı Muğana yalnız gedəsən?”

Əmirxan:

“Olmaz!”

Aygün tərəddüd içindədir.

“Dondu ağ sinəsi dağda qar kimi”.

Sinə necə donur? A kişi, gəlinin sinəsinin ağlığıyla nə işin var, sən haralara baş uzadırsan, sən bu qadının psixoloji halını təsvir elə, oxucunu çaşdırma…

“Qələm qaşlarını sıx-sıx çataraq…”

“Sıx-sıx…”

Qələm qaş bilirsiniz nədir? Bilirsiniz hansı qələmdir? Quş lələyindən olan qələm…İndi qaş yerinə lələk təsəvvür edin…

“Onun saçlarını oxşayıb hərdən,

Əmirxan eşqdən söz açdı yenə”.

Necə yəni “hərdən”? Hərdən onda olur ki, üç gün bundan qabaq oxşayıb, bir də indi oxşayır…

“Evsiz, ailəsiz məhəbbətmi var?” – Əmirxan soruşur.

Aygün:

“Sənin fəlsəfən,
Səmimi olsa da bir az köhnədir…”

Yoldaş Əmirxan ona rəhmətlik anasını nümunə göstərir:

“Ölərdi, mən ona “öl” desəm əgər…”

Yağış da yağmışdı, yerlərdə palçıq…

İndiyəcən bilinmir ki, yer haradır. Naizirlə görüşdən belə çıxır ki, bunlar Bakıda yaşayırlar. Ancaq aqronomluq məktəbi Kirovabadda (Gəncədə) olub…

Yoldaş Əmirxan namus məsələsini atır ortalığa. İndi Otello ehtirasları od almaqdadır. Qazaxlı balası Səməd Vurğun Vəkilov vurub Şekspirin arxasını yerə…

Ancaq Aygün Dezdemona, deyil, Lenin-Stalinin qabaqcıl təlimiylə silahlanmış şərq qızıdır:

“Məncə, öz eşqinə sadiq bir ürək

İllər həsrətilə oda yansa da,

Bir qığılcım kimi alışıb sönməz…”

Diqqətlə baxın: Üçüncü misrada deyilən ikinci misrada deyilənlə düz gəlmir…

Ancaq bu, Aygünün günahı deyil. Aygünün ümimiyyətlə heç bir günahı yoxdur. Qeyrətli kimsomilçu qızdır. Pardon, bir ayın gəlinidir…

Sonrakı iki misra lap sayıqlamadır, başa düşmək mümkün deyil:

“Yalqizlıq qəmyilə alovlansa da,

 Eşqindən soyuyub, sözündən dönməz…”

Aygün deyir ki, Muğan bir günlük yoldur, ayda bir dəfə gələrsən…

Burda, nəhayət, “Otello” məsələni açır:
“Səndən nə gizlədim, qısqancam yaman”.

Aha!

Bununla bərabər deyir ki:

“Səndə məhəbbət də, namus da vardır”…

Ancaq:

“böyükdür şəhər,
Özündə həddindən artıq gözəlsən…”

Aha! Gözəl arvada da nə etibar! Bunu Səməd Vurğun hələ “Vaqif” komediyasında demişdi!

Aygün “öz ağlında ölçüb-biçəndən” sonra bu nəticəyə gəlir ki,

“O da Əmirxansız şad ola bilməz!”

Misrada gözəlliyə, psixologizmə bax! “Şad ola bilməz!”

“Qərarı bir oldu sevgililərin,
Sonra öpüşdülər dodaq-dodağa”.

Bilsəydim bu öpüş məsələsi var, heç buracan oxumazdım, uşaqların üzünü o yana çevirin, abrımız getdi…

Gəlib çıxırıq Muğana. “Muğan səhrası”na.

“Tarixlər çahidi Muğan düzündə,
Araz kənarında, suyun gözündə,
Təzəcə bir sovxoz şəhəri vardır…”

“Araz kənarı” – bunu başa düşdük. Bəs “suyun gözü”? Poemanın əvvəlində müəllif demirdi ki, Muğan min ildir suya həsrətdir? “Sovxoz şəhəri” – bu, necə olur? Ay rəhmətlik, insafın olaydı, heç olmasa “qəsəbə” deyəydin… Bura yəqin Saatlıdır, ya da Sabirabad… Saatlı özü nə gündəydi ki, onun sovxozu nə gündə ola…

“Burda üzə gülür təmiz küçələr…”

Başımdan tüstü çıxır… Saatlının, Sabirabadın kəndində?Yetmiş il bundan qabaq?

“Ortada” (!) bağ var, Lenin bağı. (Qalıbsa, İndi Heydər bağı olar…)

“Baxıb seyr etdiyim o al bayraq da,

Leninin müqəddəs al bayrağıdır…”

Səməd Vurğun yoldaş Əmirxandan qabaq gəlib çıxıb “sovxoz” şəhərinə, durub Leninin heykəlinin qarşısında dalıb düşüncələrə. Ona elə gəlir ki, indi Lenin Muğan çöllərinə baxır və “qəlbindən dünyalar keçir”. Yel də öz kefindədir, əsir, “göy zəmilər” yırğalanır.

Əmirxan institutu qurtarıb gəlib, indi payız da olmasa, gərək yay ola. Yayda göy zəmi olar? Rusiyada, hə olar, Saatlıda yox…

“Gecələr alışan yer ulduzları,
Atamız Leninin əməlləridir”.

Bu nə arsz adammış, gah deyir Şaumyan babamdır, gah deyir Lenin atamdır…

“Hər evdə, hər insan qəlbində yanan,
Leninin eşqidir, ölməz adıdır”.

Saatlılının, sabirabadlının qəlbində Lenin eşqi – bu mümkündür?

“Sovxozun rəhbəri oyandı səhər,
Başında fikirlər çıxdı eyvana…”

Yox, gərək, başının fikirlərini evdə qoyaydı… Yel aparar…

“Ayağı altında bu kiçik şəhər…”

Saatlı sovxozunda göydələn tikilib? Sovxoz direktoru neçənci mərtəbədədir?

“Baxdı səhra boyu, baxdı hər yana…”

Yenə səhra!

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/