S. VURĞUNUN «AYGÜN» KOMİK POEMASI:“TRAMBONLA VALTORNANIN GÜCLÜ NƏFƏSİ, ORDU KİMİ HÜCUM ÇƏKİR MÜBARİZƏYƏ”

bağırov_vurğun

Aha! Yoldaş Əmirxan töhmət alıb! Sovxoz direktorundan, toplardan atəş açandan.

Yoldaş Əmirxanın “gövdəsinə bumbuz olmuş tər gəlir”.

Tər bədənə gələr ya gövdəyə?

Burda Səməd Vurğun yenə filosofluq iddiasında düşür  və deyir ki, insan tənqidə qulaq asmayanda:
“Sinəmizdə yetim kimi ürək tək qalır…”

Ürək haçan cüt olur ki? Tənqidə qulaq asanda?

Sonrası daha mürəkkəbdir, elə bil almanca yazılıb:

“Xəyalımız səssiz keçir səhralar kimi”.

Bu misranı başa düşən insanın əlini sıxıb dərin minnətdarlığımı bildirməyə hazıram!

Səməd Vurğun iddia edir ki, “suçumuzu boynumuza alanda”:

“Çox sevinir Vətən adlı müqəddəs ana…”

Çox təəssüf ki, xeyli vaxtdır Vətənim yoxdur, təqsirim isə nə qədər desən, gündə birini boynuma alardım, müqəddəs Vətən sevinərdi…

Səməd Vurğun məruzə edir ki, “Yoldaş Əmirxan Fərhad kimi külüng çalmadı”.

Fərhad əsllində, düzünü desək, lotunun biridir, dağı qazıb saraya süd arxı çəkir. Əməkçi xalqa onun süd arxı lazımdır? Yox! Gedib bir kənddə su arxı qazsaydı, min dəfə yaxşıydı. Bu da sizin Fərhadınız…

Stalin, Bağırov öz sevgilisi üçün süd arxı qazana neylərdi? Bəli! Güllələrdi!

Ancaq Stalinin, Bağırovun süd arxları da olub, şampan arxları da. Səməd Vurğun da o arxlardan çox içib…

Yoldaş Əmirxanın nöqsanları çoxdur, yəni başdan-ayağa nöqsan içindədir.

“Özü lovğa, biliyi az, hövsələsi dar…”

Yoldaş Əmirxan Aygünə buyurur ki, yığış, qayıdaq Bakıya, “bu sənətdən bir kar aşmaz”.

“Yenə Bakı tez çıxardar bizi ağ günə”.

Bu, Aygünün ürəyindən olur. Yoldaş Əmirxan:

“Aqronumluq sənətinə getmədi daha…”

Səməd Vurğun bilikdə Əmirxandan fərqlənir? Bu cümləni savadlı adam yazıb? “Aqronomluq sənəti…”

Hələ ağ yalan olmağı bir yana: Stalin vaxtı, Bağırov vaxtı kəndə təyinatla gedəni kim buraxardı, əgər böyük adamı olmasaydı?

Bakıda yoldaş Əmirxanın harda işlədiyi bilinmir.

“Neçə yerdə neçə “növbə” xidmət elədi…”

Bir şey başa düşmək olmur. Qazancı hardandır?

“Məqsədə yox, qazanclara getdi apaçıq…”

Apaçıq…

Guya Səməd Vurğun bu cızma-qaraları qazanc üçün yazmayıb, məqsəd üçün yazıb. İyirmialtılara qazanc üçün yox, məqsəd üçün “babam” deyib…

“Sözün düzü Əmirxanı mən çox izlədim…”

Bu da düşüb Əmirxanın dalına…

Bilirsiniz necə izləyir?

“Mən get-gedə görünürəm o gələ-gələ…”
Çon incədir, hə? Başa düşmək çətindir…

Bir səhər “Aygün radionu qurdu”.

Aha! Yoldaşları konsert verirlər!

“Şəfiqənin şam barmaqlı nazik əlləri,
Şəkil kimi gözlərinin önündə durdu…”

Burda barmaq şama bənzədilib (yəqin Şəfiqə Axundovanın barmağıdır). Ancaq şam hökmən incə olmur. Qıç yoğunluğunda şamlar olur…

Hələ bu nədir ki.

“Trambonla valtornanın güclü nəfəsi,
Ordu kimi hücum çəkir mübarizəyə…”

Mübarizəyə necə hücum çəkərlər? Vallah, bu Səməd Vurğun Azərbaycan xalqına vedrə bağlayıb…

Yoldaş Əmirxan da bU konsertə qulaq asırmış. Aygün dönüb yoldaş Əmirxana deyir:
“Eşidirsən? Tay-tuşlarım verib səs-səsə,
Hey çalırlar, oxuyurlar nəfəs-nəfəsə”.

“Nəfəs-nəfəsə” oxumaq necə olur?

Sözün qısası, Aygün yoldaş Əmirxana məruzə edir ki, təhsilini davam etdirib bəstəkar olmaq istəyir.

“Bəstəkarlı işinədir həvəsim ancaq…”

Bəstəkarlıq işi… Bəlkə Salahlıda kəndlilər belə danışırlar, ancaq musiqi təhsili olan adam belə deməz… “Bəstəkar” sözündəki “kar” elə “iş” deməkdir…

Aha! Yoldaş Əmirxan gülür!

Yoldaş Əmirxan deyir ki, arvaddan bəstəkar olmaz və arvad səhnəyə çıxıb Rast oxusa, ərinin əti tökülər…

Qəribədir, Aygün bəsətəkar olmaq istəyir, “rast” oxumaq firki yoxdur…

“Yox, yox, mən o kişilərdən deyiləm!”

“Aygün dönüb körpəsinin üzünə baxdı…”
Aha! Bunların uşağı varmış! Səməd Vurğun indiyəcən bu barədə oxucuya məruzə eləməyib…

Aygün “qınına çəkilmir”, məktəbə gedib yoldaşlarıyla görüşür (yəqin yoldaşları keçən bu iki-üç ildə elə həmin kursda qalıb onu gözləyirlər). Aygünə deyirlər ki, qayıt məktəbinə, sənin istedadın var…

Aygün yenə pianinonun arxasına keçir, şirmayı dillərə bir divan tutur ki, bütün “qonum-qonşu” (bəlkə “qohum-qonşu”?) çıxır eyvana.

“Neçə ürək salam verdi o şeriyyətə”.

İlahi, bu nə dildir? Ürək şeriyyətə salam verir… Buninla tərbiyə alan uşaqların nə danışığı, nə yazısı olar?

Aygün “iki saat, bəlkə də çox” pianinodan qalxmır.

Yoldaş Əmirxan da “bir az qulaq asır”. Təəssüf ki, sənəti duymur…

Yoldaş Əmirxan caz sevirmiş!

Aha! O vaxtlar sovet cəmiyyətində caza qarşı mübarizə gedib. Səməd Vurğun da gərək öndə ola. “Pravda” qəzetində ya da başqa bir qəzetdə belə bir beyt də olub:

«Сегодня он играет джаз,
Завтра родину продаст».

Yəni ki, bir insan bu gün caz çalırsa, sabah vətənini satar…

(Bu, əlbəttə, düz deyil. Məsələn, Qarabağı satan azərbaycanlıların içində bir nəfər də caz həvəskarı olmayıb, hamısı muğamatı, aşıq musiqisini sevib…)

 

(ardı var)

Məqalənin tam mətni burda:

https://xeyrulla.com/2018/11/30/səməd-vurgunun-aygun-komik-poemasinin-təhlili-toy-paltarini-soyunmayan-gəlin-və-mugan-səhrasi/

Реклама