DOKTOR ŞAROVANIN XATİRƏSİNƏ

Əziz Klavdiya Fleqontovna!

Sizin şəhərdəyəm indiyə qədər.

Burdan köçdüyünüz əsrə bərabər,
Haçan gəldiyimi mənsə unutdum…

 

 

Şəhər çox dəyişib, görsəniz ancaq,
Köhnə küçələri tanıyardınız.
Volqa isə qalıb necə vardısa,
Həminki axardır, həminki yataq.

 

 

Adamlar yəqin ki, başqalaşıbdır,
Elə həmin dildə danışsalar da.

Elə bil bir ayrı Rusiyadayam,

Baxıram, bir qadın sizə oxşamır…

 

 

Haçandan burdayam, qırx ilə yaxın,

Deməzdim şəhərə məhəbbətim var,

Qalıb öyrəşirsən, ərin arvada,
Öyrəşdiyi kimi… nə sevgi axı…

 

 

Getməyə qorxursan, elə bilirsən,

Burdan uzaqlaşsan, ölümün çatar.

Ölümsə gələcək, ölümə nə var,
Hansı cəhənnəmdə yaşasan da sən…

 

 

Yad şəhər elə bil bir labirintdir,

Bir dəfə düşdünmü, azıb qalırsan,

Sizi sehrlədi balaca Salyan,
Sizdən orda qalan şübhəli qəbir…

 

 

Torpağa qoyulmaq fikrisə məni,
Heç açmır… qəbir də arzulamıram,
Yandıran, külümü göyə sovuran
Tapılsa, bir savab qazanar yəqin…

07. 12. 2018

Samara

Реклама