RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. “YAĞIŞ”

RASUL_RZA

Günlərin bir günü, dəqiq desək, 1961-ci ildə  Rəsul Rza gedir İndoneziyaya. Görünür, o vaxt indoneziyalılar Rəsul Rzanın yaradıcılığını, xüsusən «Lenin» poemasını o qədər seviblər ki, bu dahi insanın özünü görmək istəyiblər. Rəsul Rza Cakarta şəhərində indoneziyalılarla səmimi görüşlər keçirib, Sovet Azərbaycanındakı coşqun inkişafdan danışıb və elə şəhər meydanında başlayıb onlara “Lenin” poemasını oxumağa. Poemanın yarısına çatmamış yağış başlayıb. İndoneziya yağışı da Azərbaycan yağışı deyil, elə yağır ki, elə bil Azərbaycan polisi mitinqçiləri şlanqla sulayır. Rəsul Rza məcbur olub “Lenin” poemasının ifasını saxlayır, indoneziyalılardan üzr istəyib qayıdır mehmanxanaya. Oturur pəncərənin qabağında, yağışa baxıb ilhamlanır və elə “Yağış” adlı bir şeir yazır.

“Neçə gündür yağış yağır, 
Necə yağır, necə yağır”.
Birinci misra insanı ağladırsa, ikinci misra güldürür. Əslində ikinci misranı bir neçə dəfə dalbadal oxusan, o da ağlamalı olar. “Necə yağır, necə yağır…” Elə bili bizim arvadla sinə vurub ağlaşırlar…

Sonrası çox maraqlıdır. Xüsusən forması. Yəqin burda Rəsul Rza İndoneziya poeziyasının texnikasından faydalanıb:

Səhər yağır. 
Axşam yağır. 
Gündüz yağır. 
Gecə yağır. 
Bir şey qalmadı ki? Məsələn, axşamçağı. Görünür, İndoneziyada axşamçağı olmur. Elə birdən axşam düşür…

Oxucunu maraqlandıran odur ki, böyük şairimiz bu şeiri necə bitirəcək. Bilirik ki, axırda “yağır” sözü olacaq. Rədif isə “gecə” sözünə qafiyə olmalıdır.

Gəlin axtaraq: gecə, becə, keçə, cücə…

Alınmır: beçə necə yağar, cücə necə yağar?

Bizim kimi adi və həqir adamlarla dahi şairlərin fərqi odur ki, onlar həmişə yeganə mümkün və zəruri sözü tapıb yerinə qoyurlar.

“O yanda səhralar yanır,
Burda yağış heçə yağır…”

Heçə!

Yoldaşlar, gözümüzün qabağında Rəsul Rza iki misra ilə ümumdünya miqyaslı faciə yaratdı. Səhralar yanır! O yanda! Burda yağış heçə yağır!

Heçə yağır…

Biabırçılıq…

O günlərdən altmış ilə yaxın vaxt keçib. O vaxtdan görün səhralar nə qədər yanıb, nə qədər yağış heçə yağır…

Burda, əlbəttə, ölçü götürmək lazımdır. Bəlkə Kəmaləddin Heydərov yaranmış bu dözülməz halı düzəldə bilə.

Düzəltməsə də, bu gözəl şeirə bir qəşəng mahnı yazar, AzTV iilə oxuyarlar, dünya ictimaiyyətinə çatar.

Deyilənlərə görə, İndoneziyada Az TV ən çox sevilən kanaldır…

07.12. 2018

Samara

Реклама