XƏYAL

Udsam lotoreyada,

(Bilet alsam haçansa),

Ya da ayağım altda,
Qızıl tapsam bir kisə,

 

Gedərdim, yubanmadan,

Həkimlərdən keçərdim.

Hər dərdin dərmanından,
Sağalınca içərdim.

 

Dəyişib altı-üstü,
Bir hipster olardım.

Su keçməyən və isti,
Ayaqqabı alardım.

 

Brokkoli yeyərdim,
Hər gün zeytun yağında.

Yaxşısından gələrdi,
Süfrəyə balığın da.

 

Gedərdim vaxtaşırı,
Opera və baletə.

Səviyyəmi artırıb,

Çıxardım cəmiyyətə.

 

Bəlkə bir xanım elə,

Məni bəyənərdi də,

Gözdən uzaq bir yerə,
Randevuya gedərdirk…

 

Bəlkə də… bəlkə, bəlkə,

Boğazım quruyardı.

Nə çörək, nə su keçər,
Canım da ağrıyardı.

 

Bilet alar o pula,
Pasport düzəltdirərdim.

Sonra çıxardım yola,
Kəndimizə gedərdim.

 

Yan keçərdim həyətdən,
Evdə kim qalmışdı ki…

Dərməzdim heç nəfəs də,
Qəbirstana kimi.

 

Doğma şəkillə tanış,
Daşa çatıb durardım.

Oyan, ay ana, danış,

Gəlib çıxıb övladın…

 

08. 12. 2018

Samara

Реклама