RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ. «BAŞINI DİK TUTDU QƏLƏM…»

RASUL_RZA

Rəsul Rza Səməd Vurğun kimi akademik olmasa da, onun şeirləri Silikon vadisini xatırladır, yəni elmi kəşflərlə, ixtiralarla, səmərələşdirici təkliflərlə doludur.

Rəsul Rzaya qədər heç kimin ağlına gəlməyib ki, qələm başını dik tutanda yazmaz.

“Başını dik tutdu qələm, 
dayandı məğrur. 
Nə bir kəlmə söz düşdü kağıza, 
nə bir cümlə yarandı, 
nə doğdu bir fikir”. 
Bu, şübhəsiz ki, Arximed səviyyəsində kəşfdir. Ancaq Rəsul Rza Arximeddən irəli gedir, yaranmış problemin həllini tapır.

Birdən:

“Ağ kağıza düzüldü kəlmələr. 
Nələr yarandı, nələr”. 
(Nələr yarandığını Rəsul Rzanın başqa şeirlərindən və “Lenin” poemasından bilirik…)

Oxucu az qalır təəccübdən özünü cırsın. Humanist şair Rəsul Rza oxucunu xarakiri törətməyə qoymur, sirri açır:

“Baxdım,

Qələm başını əymişdi…”

(Nəzərinizə çatdırım ki, «baxdım» ayrıca bbir misradı, Rəsul Rza kimi şairlər bu misraya görə bir kilo mal ətinin pulunu alırdılar…)

Bunu oxuyanda istədim ki, uçub gedəm Bakıya, Rəsul Rzanın məzarıına baş çəkim, böyük mütəfəkkir şairin xatirəsinə elə o qələm kimi baş əyim…

Təəssüf ki, getməyə, Qoqolun bir qəhrəmanı demişkən (Mikayıl Rzaquluzadənin tərcüməsində), «mümkünatım» yoxdur…

11.12. 18

Samara

Реклама