GÜLMƏLİ ŞEİRLƏR: BƏXTİYAR VAHABZADƏ. “QARABAĞ ATI”

Bəxtiyar-Vahabzadə.jpeg

Azərbaycan sovet poeziyasında gülməli şeirlərdən biri Bəxtiyar Vahabzadənin “Qarabağ atı” şeiridir. Şeir 1979-cu ildə yazılıb.

Bəxtiyar Vahabzadənin 1970-ci illərdə çap olunmuş şeirlərinə baxanda ilk növbədə bir şey diqqəti cəlb edir: B. Vahabzadə də başlayıb bir misranı üç dörd yerə parçalamağa. Az qala hər söz bir misradır. Bu, əlbəttə, şeirin texniki-kompozisiya ya da süjetin məntiqi inkişafının tələbi deyil. Yəni buna obyektiv səbəb yoxdur. Səbəb çox sadədir: ortada pul məsələsi var. 11 ya 14 hecalıq misra üç  ya dörd misraya bölünəndə müəllif, əlbəttə, üç ya dğrd dəfə çox qonorar alacaq. Məsələn, “Yelləndikcə” sözü şeirin elə birinci çapında Bəxtiyar Vahabzadəyə iki manat qazandırıb. 1979-cu ildə  bu, bir kilo ətin, iki kilodan çox qəndin pulu idi.

70-ci illərin sonlarında Bəxtiyar Vahabzadənin uşaqları böyüyürdü, ehtiyacları artırdı. Düzdür, Vahabzadənin qazanc yerləri çox olub. Təkcə “lenin” poemasına görə bir ətək pul alıb. Ancaq artıq pulun nə ziyanı var? Həm də pul haçan artıq olur…

Qayıdaq “Qarabağ atı” şeirinə.

1956-cı ildə Sovet hökuməti Britaniya kraliçası İkinci Yelizavetaya iki at bağışlayıb. Bunlardan bir Ağdam atçılıq zavodunda yetişdirilmiş “Zaman adlı at olub.

Bəxtiyar Vahabzadə olmayan yerdə problem yaratmağı sevir, bir stəkan suda fırtına yaratmağın ustasıdır. Bəxtiyar Vahabzadə yazır ki (xırda-xırda misralarla; yəqin bu şerə görə bir atın da olmasa, bir maşının pulunu qazanıb), dünya xarab olub, igidliyin vaxtı gedib, hanı Qırat, hanı Dürat və s. Qışqırıq, hay-küy.

Müəllif ki küyə basdı, gərək oxucu şübhələnə. Çox vaxt müəllif küyə basır ki, oxucu basməmmədini görməsin. “Qarabağ atı”nda bir-birini tamalayan, mənaca bağlanan iki fikir tapmaq çətindir. Məsələn, yazır ki, kraliça

“Öz əsrini qabaqlayır”

Sonra:
“Ekzotika vurğunudur kraliça”.

Ya da:

O, dünənin ölüsünü

 kəfənləmək əvəzinə

Sabahının körpəsi

tək qundaqlayır…”

“Əsrini qabaqlamaqla” “dünüəni ölüsünü qundaqlamaq” tuturmu? Həm də 1956-cı ildə Yelizaveta cəmi otuz yaşında müasir qadın idi və ölkəsinin də modernləşməyinə çalışırdı….

Hə, kraliça istəyir bu Zamanı minsin, ancaq Zaman jokeyləri özünə yaxın qoymur.

Kraliça deyir:

“Britaniyada yoxmu məgər

Bircə kişi?!”

Tanış sualdır? Azərbaycanda bu sualın cavabı var. Britaniyada is belə sual yəqin ki, ritorikdir. Orda hər vətəndaş kişidir (kişi cinsindən olanlar…)

“Krakiça yana-yana,
Baxır ona,

Ceyran kimi duruşuna…”

Gördünüz, yerlə-göylə əlləşən Qarabağ atı ceyrana döndü… Basməmmədi…

At gduyur ki, (bunu Bxtiyar Vahabzadə iddia edir) onun gözəlliyinə heyran qalıblar. Ancaq at istəyir ki (Vahabzadənin iddiasına görə) onun qaçışına, yürüşünə heyran qalsınlar…

Ancaq əgər bu at bunu başa düşürsə, niyə qoymur onu minsinlər? Minməsələr, onun qaçışını necə görərlər?

Bəxtiyar Vahabzadə yazır ki, “o iyrənir”. Yəni at iyrənir…

At istəyir ki, belindəki Koroğlu ola, Nəbi ola, Nigar ola, həcər ola. Ancaq jokey olmaya… Çünki Qarabağ atıdır, Qarabağdan gəlib, igidlər diyarından…

Ata kişmiş verirlər, yemir, ot verirlər, yemir. At xiffətindən ölür…

Bilirsiniz bunlar niyə cəfəngiyatdır?

Bu at Çənlibeldə ya da Alı kişinin tövləsində yetişməmişdi. Bu atı zavodda yetişdirmişdilər. Atası-anası da məlumdur. Doğulduğu il də məlumur – 1952.

Bəxtiyar Vahabzadənin iddiasına görə, at

“İstəyir ki, belindəki

 Yarışlarda nəmər alan jokey deyil,

Vuruşlarda zəfər çalan igid olsun!”

Bu iddia ona görə cəfəngiyatdır ki, zavodda doğulub böyüyən atın belində elə Ağdamda da igid olmayıb, jokey olub. Bu, döyüş atı deyil, cədır ya gəzinti üçün yetişdirilən atdır. Və onu Azərbaycandan Britaniyaya gətirən jokeylərin adı da məlumdur:  Əli Tağıyev və Bablı Təhməzov. Bəxtiyar Vahabzadə isə elə haray qoparıb ki, guya atı Koroğlunun altından alıb gətiriblər…

Və Bəxtiyar Vahabzadə elə yazır ki, guya 1956-cı ildə Azərbaycan kişiləri ucdantutma igid idilər, qəhrəman idilər… Hay-vay! 1956-cı ildə azərbaycanlılar təzəcə Bağırovun qapazının altından çıxmışdılar…

1956-cı ildə sovet kəndlilərinin, o cümlədən Azərbaycan kəndlilərinin heç pasportu yox idi. Yəni qul kimi idilər… Yəni azərbaycanlıların özünü minib çapırdılar…

O ki, qaldı ata kişmiş verilməyinə, bu da fantaziyadır. Hədiyyə atların (ikinci at türkmən atı olub, Aşqabad zavodundan) Britaniyaya çardırılmasına başçılıq etmiş Moskva ippodromunun baş həkimi N. Stoqov yazır ki, atlar yolda gündə dörd dəfə yemlənirdi, onlara kəpək və qlükoza qatqılı döyülmüş yulaf, kök və bir az bütöv  yulaf verilirdi…

Və buna görə də Ağdam zavodunun yetirdiyi atı vətənpərvərlik, igidlik, şərəf, doğma torpağa bağlılıq rəmzinə çevirmək cəhdi ancaq gülüş doğurur…

Bəxtiyar Vavabzadə yazır ki, Zaman xiffətindən öldü…

Belədə deyirsən ki, ilahi, keç günahımdan ki, gülürəm…

14.12. 2018

Samara