RƏSUL RZANIN GÜLMƏLİ ŞEİRLƏRİ: “BU İLDƏMİ DOLMAYACAQ PAMBIQ?”

RASUL_RZA

Rəsul Rzanın gülməli şeirlərindən biri də “Nigaranlıq”dır. Əslində gərək nigaranlıq gülüş doğurmaya. Nigaranlıq gərək…nigaranlıq doğura. Ancaq Rəsul Rza nigaranlığıyla da oxucunu güldürə bilir.

Bu şeirdə də yağış yağır. (Necə yağır, necə yağır…). Ancaq bu dəfə söhbət Bakı yağışından gedir. Nəhayət xalq şairimiz xarici səfərlərini müvəqqəti başa vurub qayıdıb Bakıya, öz mənzilində dincəlir.

“Çöldə yağış yağır”.

Çöldə. – yəni bayırda. Yəni çöl də bayır kimidir…

“Mən onu görmürəm,
ancaq duyuram,
maşınların təkər səsindən…”

Şairi duyğu elə alıb ki, qalxıb pərdəni də aralamaq istəmir…

Şair dərin düşüncələr dalıb. Çox dərin.

“Düşünürəm:

Düşünürəm:

indi asfalt küçələrdən su axır,

tökülür dəmir qapaqlı su yollarına”.

Kimin ağlına gələrdi ki, su “su yollarına” tökülür?

Yaxşı ki, Rəsul Rza bu dahiyanə misraları yazanda qalxıb öz-özünə deməyib: “Ay da Puşkin, Ay da sukin sın!” Yəni afərin, Rəsul Rza!

Biz deyirik: Afərin, Rəsul Rza!

Rəsul Rza düşünməkdə davam edir. Düşünür ki, görəsən indi bu yağışdan onların kəndinə yağırmı?

“Kim bilir, yağış yağırmı

şumu kəltən-kəltən,

yolları tozlu,

əkinləri qızdırmalı dodaqlar kimi

cadar-cadar kəndimizə?”.

Və əgər bu yağışdan onların kəndinə yağmırsa:

“bu ildəmi traktorların sükanına,

 alaqların tikanına,

kətmənlərin sapına,

hədər yerə töküləcək

neçə insan alnından axan tər?!”

Vallah, faciədir…Necə qan ağlaçasın daş… Yəni Rəsul Rza necə nigaran olmasın?

“Rahat qoymayır məni nigaranlıq…”
Hardan qoyar…

“Bu ildəmi

Dolmayacaq pambıq?!”

Bəli, budur məsələ! Olum ya dolum!

Bu yerdə mən həyəcanımdan az qaldım ağlayam. Ancaq duydum  ki, burda nə isə yerində deyil. Necə yəni “dolmayacaq pambıq”? Bəlkə “pambıq planı dolmayacaq”?

Elə deyil?

Bəlkə elədir? Nigaranam…

Ancaq şeirn tarixinə baxanda məni gülmək tutdu: 27 yanvar 1962.

Ay müsəlmanlar, ağalar, xanımlar, qondarma bəylər! Yanvarda yağan yağışın pambığa nə dəxli? Pambəq hələ iki aydan sonra əkiləcək…

1962-ci il kimin yadındadır? Pambığın kilosunu beş ya on qəpəyə yığdırırdılar bizə… Millət qan ağlayırdı…

Rəsul Rza yəqin bu şeirinə görə yəqin bir ton pambığın pulunu alıb.

Bəlkə çox alıb…

Bəlkə az…

Douybmu? Dolubmu?

Nigaranam…

15.12. 2018

Samara

Реклама