ƏR-ARVAD

 

17 1.jpg

Çəlik var əlində ikisinin də,
Gedirlər qol-qola, çiyin-çiyinə.

Bulanıq gözləri səkidə deyil,
Qədim yollarında yox təzə heç nə.

 

 

Uzağa, üfüqə bəlkə baxırlar,

Ordadır haçandan gözlədikləri.

Birdən çıxa bilər qabaqlarına,

Bəlkə dallarınca izləyib gəlir.

 

 

Çıxıblar elə bil ağır hərbdən,
Təpədən dırnağa min yara alıb.

Qocaman qala tək sarsılıb bədən,

Daha müqavimət yeri qalmayıb.

 

 

Qətiyyət yoxsa da yerişlərində,

Ləyaqət oxunur baxışlarından.

Sakit, həqiranə indi gedirlər,
Sanki qol atmağa təslim aktına.

 

 

Əlli-altmış il birgə həyatın,
Yaxşıdan çox olub bəlkə də pisi.

Ay nədir, gün nədir, bəlkə saatın,

Yarısı xoş olub, yarısı küsü.

 

 

Bəzən güllə kimi, bəzən ox kimi,
Sözlər atılıbdır aralarında.

Duzu-dadı itib yemək-içməyin,
Ancaq duz səpiblər yaralarına.

 

 

Xəyanət də olub, çoxdur ehtimal,

İradə olmayıb aralanmağa.

Sevgidən ya nədən veriblər qərar,
Birgə qocalmağa, qarılanmağa.

 

 

Gedirlər qol-qola, çiyin-çiyinə,
Səkini sinxron çalır çəliklər.

Gözləri üfüqə zillənib yenə,
Ən uzaq nöqtəni qaralar, güdər.

 

 

Hər gün həndəvərə çıxb dolanmaq,

Gəzinti deyildir daha onlara.

Elə bil haçandan gözlənən qonaq,
Qəfildən çıxacaq qabaqlarına.

 

 

Bitən ömür deyil, bitən hərbdir,
Bu ərlə bu arvad cəbhə yoldaşı,
Hamı tək onlar da yenilib gedir,

Sakit, həqiranə, verib baş-başa.

 

17.12. 2018

Samara

Реклама