ƏYRİLİK        

                     «Hər nə gördüm, əyri gördüm…”

                                               Vaqif

                                «The time is out of joint…”

                                          Shakespeare

Əyrilik şərtidir yəqin həyatın —
Düppədüz olsaydı əgər yer üzü
Çaylar yer üzündə necə axardı?

Necə yaşayardı dənizlər özü?

 

 

Ağac da olmazdı, olmasaydı çay,
Ehtiyac olardı  kölgəyə nə də.

Bütün nemətlərə istək, ehtiyac,

Yaranır dünyanın əyriliyindən.

 

 

Soyuq da, isti də qədərindəsə,
Hamı etibarlı, düzdüsə hər kəs,

Çətin ki, harasa kimsə tələsər,
Qapıdan çıxmağa tapılmaz həvəs.

 

 

İnsanın özünü yer üzərində,

Elə əyrilikdir axın tək qovan,
Hər şey düz olsaydı, həm də yerində,
Hansı dəli idi yerindən duran?

 
Necə mütləq ola, davamlı ola,
Zaman oynağından çıxır anbaan,
“Olummu, ölummü?” monoloquyla,

Səhnəyə atılır yenə qəhrəman.

 

28.12. 2018

Samara

Реклама