1979-cu ilin yayında ya da elə bu ilin dekabrınn son günlərində və 1980-ci ilin yanvarında mənim sonuncu universitet sessiyalarım olub, bu zaman Bəxtiyar Vahabzadə bizdə Cəfər Cabbarlının yaradıcılığından ixtisas kursu aparırdı. Qiyabiçiliyi yalnız şərti olaraq tələbəlik saymaq olar, hər fəndən beş-altı dərs olur, müəllimi güclə yadında saxlayırsan, müəllim isə heç kimi tanımır. Ancaq bəzi şeylər, o cümlədən Bəxtiyar Vahabzadə ilə bağlı bir neçə epizod yadımda qalıb.
5-ci kursda bizə bizdən yuxarıda kursda qalan bir neçə qiyabiçi qoşulmuşdu. Onlardan birinin adı Məmmədrahim idi. Yaşı otuzdan çox olardı. Kolxoz suçusuna oxşayan iri qulaqlı, arıq bu kişinin filologiyaya hətta lap uzaq münasibəti olduğuna inanmaq mümkün deyildi. Onunla tanışlığım yoxdu, səsini də eşitməmişdim. Bəlkə adını da ilk dəfə onu Bəxtiyar Vahabzadə ayağa qaldıranda öyrənmişdim.
Bir dəfə Bəxtiyar Vahabzadə Azərbaycan xalqının necə müti olduğundan, partiya-sovet məmurlarının zülmünə necə dilsiz-ağızsız dözdüyündən danışırdı. Birdən orta sırada oturmuş bir qiyabiçini qaldırdı:
— Adın nədir?
— Məmmədrahim…
— Məmmədrəhim, raykom katibi səni minə bilər?..
Məmmədrahim gözünü döyə-döyə Bəxtiyar Vahabzadəyə baxır, dinmirdi. Ancaq yerdən onlarla qiyabiçi səs-səsə verdi: “Əlbəttə minər, necə miməz…”
İndi görürəm ki, Bəxtiyar Vahabzadə 1979-cu ildə “Səbr edirik” adlı bir şeir yazıb və özünün dediyi kimi, o vaxtlar “sandıqda” saxlayıb. Kim bilir, bəlkə bu şeiri elə Məmmədrahimin yazıq üzünə baxandan sonra yazıb…
Şeir uzundur. Cəfəngiyat çoxdur. Bir az Xəlil Rzanın “37” şeirnə oxşayır, həmin səkkizliklər, həmin pafos və s. Bəxtiyar Vahabzadə bir az keçmişdən başlayır, 30-cu illərə toxunur:
“Xalq yolunda candan keçən ərənləri
«Xalq düşməni» damğasıyla
Ləkələyib məhv etdilər”.
Deməliyəm ki, bu şeirdə sözçülük, qafiyəçilik çoxdur, bunlar şeirin xeyrinə deyil:
“Hamar gördük çuxuru biz.
Saray bildik axuru biz.
Görəmmədik qat bağlayan paxırı biz…”
“Çuxur”, “axur”, “Paxır” – burda fikir qafiyənin əsiridir, belə qafiyələr pis zövqün göstəricisidir, təəssüf ki, Vahabzadənin şeirlərində bu bəd zövq (дурновкусие) həmişə var…
Sonra bizə yaxın illər gəlir: 60-70-ci illər:
“Həyatda yox,
qəzetlərdə göstərdilər
bizə yalnız xeyri-şəri.
Şirin-şəkər yalanları yeyə-yeyə
Biz inandıq gələcəyə.
O gəlmədi,
Düz əyildi,
Əyriliklər düzəlmədi…”
Şeirdə aktual səslənən misralar çoxdur:
“Hər cəfaya dözə-dözə
Biz alçaldıq addımbaşı.
Qul etdilər vətənində vətəndaşı,
Ayaq altda palaz oldu ləyaqəti….”
Hə? Necədir?
“Qara günü ağ söz ilə pərdələdik.
Zənn etməyin, bədbəxtliyi özümüzə dərd elədik.
«Biz xoşbəxtik, bəxtəvərik» — sözlərini
Şüar kimi dilimizdə vird elədik…”
Bu hansı illərə aiddir?
“Qırıb qalın meşələri
Pambıq əkdik…”
Tanıyıram! Doğma 70-ci illər! Gəncliyim! Bir milyon 300 min ton (guya) pambıq!
“Yüz hektarın məhsulunu on hektara,
On nəfərin məhsulunu bir nəfərə yaza-yaza,
Həm insanı, həm torpağı
Necə verdik biz güdaza…”
Yerin Salyandır! Elə bil Salyanı yazıb!
Bəlkə Bərdəni? Ağcabədini? Kürdəmiri? Hər yerdə bir cür deyildimi?
“Orden, medal yarışında
Dumanladıb beyinləri
DDT-ylə zəhərlədik
Yüz-yüzləri, min-minləri…”
Yetmişinci illər! DDT Azərbaycanda adamları da zəhərlədi, Kürü, Arazı da, bu çaylardakı balıqları da…
“Bircə çəngə ağ pambığa
Qurban verdik gənc qızlan, gəlinləri.
Bu dünyaya göz açmamış körpələri
Bətndəcə zəhərlədik”
Düz sözə nə deyəsən? DDT Macarıstanda 1968-ci ildə, Norveç və İsveçdə 1970-ci ildə, Qərbi Almaniyada və ABŞ-da 1972-ci ildə qadağan olunub. Bizdə isə SSRİ dağılanacan tətbiq ounurdu… Bəxtiyar Vahabzadə elə o vaxt bunun ziyanını bilirmiş…
Sonra yenə xeyli cəfəngiyat gəlir Şer belə bitir:
“Səbrimizin laylasında xumarlandı qeyrətimiz.
Bu dözümə,
Bu zülümə
Heyrətdədir heyrətimiz…”
Qeyrətimiz, heyrətimiz…
Yox, boynuma alım ki, mən Bəxtiyar Vahabzadən sevmirəm. Sevmirəm, vəssalam!
A kişi, sən bilirsən ki, körpələri zəhərləyirlər, şeir yazıb sandığa niyə qoyursan, bu şeiri göndər xəlvətcə Amerikanın səsi radiosuna, Azadlığa, Birləşmiş Millətlər Təşkilatına, Mərkəzi Kəşfiyyat İdarəsinə… Soljenitsın kimi… Qoy səni tutsunlar! Öldürməyəcəkdilər ki. Bir az yatardın. Ancaq bütün dünyada adın çıxardı. Bəlkə DDT-ni də əvvəlki kimi hara gəldi tökməzdilər. Bəlkə beş-on gəlini, beş-on körpəni xilas edərdin. Yox, sən bunu yazıb qoyursan sandığa, ancaq Leninə yazdığın poemanı qapıb aparırsan Əliyevin üstünə, Əliyev sənə Dövlət mükafatı verdirir, orden verdirir…
Bəxtiyar Vahabzadə, təəssüf ki, bütün ömrünü belə yaşayıb…
Ona görə bizim oriyentirəlrimiz yoxdur. Ona görə belə nal-məxa vurmuş adamları imam sayırıq, çünki özümüz də əqidə ilə yaşamağı zülm sayırıq, özümüz də nala-mıxa vura-vura yaşayırıq…
Ona görə hardayıqsa, ordayıq…
Yəni, ruslar demişkən, ayıb olmasın, v polnom …derme…
P.S. Deməliyəm ki, Bəxtiyar Vahabzadənin təsvir etdiyi «zülmlü» illərdə Azərbaycana Heydər Əliyev rəhbərlik edirdi. Və elə həmin illərdə cənab Vahabzadə Heydər Əliyevdən bütün mümkün mükafatları almışdı.Və yeyəndə də boğazında qalmamışdı…
03.01. 2019
Samara