ANALAR CƏNNƏTİ

13 1 19

“Cənnət anaların ayağı altda”

Deyirik. İnanmaq buna çətindir.
Qadındır hər ana axı dünyada,

Öz ömür yolu var hər qadının da.

 

 

Cənnətdir deyirik yeri ananın.
Buna da inanmaq çətindir fəqət.

Bəs orda ananın balası hanı?

Baladan ayrısa, ona nə cənnət?

 

 

Sadə bir arvaddı mənim öz anam,

Ömrü uzun oldu, əzabı artıq.

Kimdi kamil olan, günahsız olan? —
Yəqin günaha da haçansa batıb.

 

 

Cənnət — kamillərin, günahsızların,

Saf doğulanların, saf ölənlərin.

Bəlkə də cənnətdən bir az aralı,
Yaxın həndəvərdir anamın yeri.

 

 

Dünyanın zülmündən dincələr orda,
Nə soyuq incidər, nə də ki yanğı.

Yeməyi-içməyi havadan udar,

Heç kimdən diləməz kömək və qayğı.

 

Bir vaxt qaldıraraq cəhənnəmimdən,

Məni gətirərlər görüşə bəlkə.

Nə anam danışar, dinərəm nə mən,
Ağlayar, əlini üzümə çəkər…

 

13.01. 19

Samara

Реклама