YAXŞI Kİ, SƏN VARSAN YENƏ, İLAHİ…

24 4.jpg

Ömür getməmişdən gedir canından,
Nədənsə dünyanın həvəsi birdən,
Canında suyun var, axır qanın da,

Yox heç nə qəlbini daha titrədən.

 

 

Gözün yorulmayıb, işığı da var,

Yoran gördüyindür, təzələnsə də.
Birdən gözümüzdən düşür qürublar,
Nə qədər möhtəşəm və zənginsə də.

 

 

Sevgilər soyuyur  qan soyumamış,
Əl-ələ dəyəndə ürəyin əsmir.

Duruş, yeriş tanış, baxış, söz tanış,

Yox daha ruhunu əsirləyən sirr.

 

 

Hələ qüvvə çoxdur ayaqlarında,
Getdiyin yollardır yoran, bezdirən.

Gün kimi aydındır nə var qabaqda,
Arxada qalana bənzəyər hökmən.

 

 

Adiləşir gedir şəkil də, səs də.

Bunu kim oxusa, güləcək indi:

Gecə də, gündüz də əgər dinləsən,

Mozart usandırar, yorar Vivaldi…

 

 

Yaxşı ki, sən varsan yenə, İlahi,

Adın var, sözün var, görünməsən də.

Bu dünyanı fəna demisən axı,
Təzə bir dünyanın ümidi səndə.

 

 

Məni vəd olunan yerə sən apar,

Şükr nemətinə, yoruldum ancaq.

Bilirəm, cəhənnəm ehtimalı var,

Apar, Tanrım, apar, öldürür maraq…

 

24.01. 2019

Samara

Реклама