İT ƏSARƏTİ

26.01. 19.jpg

Şəhərdə keçibdir ömrümün çoxu,
İt var iki evdən birində burda.

Ancaq it görəndə canımı qorxu
Alır, adamtutan olmasalar da.

 

 

Uşaqlıqdan qalıb bu qorxu məndə,

İliyə işləyib, çəkilməz daha.

Bəlkə də tək-tük it olardı kənddə,

Kiminsə qanına dişi batmaya.

 

 

Kənd yastı-yapalaq, adamlar kasıb,
Ancaq it yatırdı çəpər dalında.

Elə həyət vardı, yalan olmasın,

İtin sayı çoxdu mal-qaradan da.

 

 

Kənd yolunda hər an təhlükə vardı,
Yol boyu həyətdi, həyət köpəkli.

Birdən çəpər altdan çıxıb cumardı,
Qana bələnərdi ayağım, əlin.

 

 

Qonşuya getmək də deyildi asan,

Gedən ürəyini yeyib gedirdi.

Minadan qorxurdu elə bil insan,
Nə deyim, kəndimiz xatalı yerdi…

 

 

Elə ev var idi, vahiməsindən,
Bağrı yarılırdı  yaxın gedənin,

Bir sürü acıqlı köpək səsindən,

Çevrilib qaçardı “dədəm vay!” deyib.

 

 

İşğal olunmuşdu kənd elə bil ki,
Hər addım başı post yol qıraqları.

İtlər gecə-gündüz qarovul çəkir,
Bir adam hampazor, on beşi fağır…

 

 

Keçib oğru kimi yolu gedirdin,
Yanını-yörənı güdüb baxırdın.

Ürəyin düşürdü gələn hənirdən,

Adam çağıranda köpək çıxırdı.

 

 

İtqapan kəndiydi kəndimiz bizim,

İt dişi batmayan tək-tük olardı.

Budu parçalanan, çənəsi, üzü,
Əli gəmirilən adam da vardı.

 

 

 

İtin tökdüyü qan qalırdı yerdə,

Udaraq təhqiri dolanırdılar.
Burda fironluğu itlər edərdi,
Zəncirlə bağlıydı sanki adamlar.

 

 

Məhkəmə, parlament, diplomatiya,

Ya adət, ənənə — bu da yox idi.

Orta əsrlərdə yaşayırdı xalq,
İti bəd olanın sözü keçirdi…

 

25-26. 01. 2019

Samara

Реклама