BƏXTİYAR VAHABZADƏNİN GÜLMƏLİ ŞEİRLƏRİ: “YAVAŞ-YAVAŞ ÖLMƏZ, BİRDƏN ÖLƏR TƏYYARƏLƏR…”

Bəxtiyar-Vahabzadə

Bəxtiyar Vahabzadənin şeirlərini tənqid etdiyimə görə məni Azərbaycanda Yasamal ya Binəqədi polisinə vermək istəyənlər də, balta-bıçaq itiləyənlər də var. Bilmirəm, Rafiq Tağının qarnı cıran bıçaq polis tərəfindən tapılıb əşyayi-dəlil kimi saxlanılır ya da indiyəcən qeyrətli millət oğullarının cibindədir… Mənə həmlə edənlərin ən mədənisi belə soruşur: “Yabı, sən Bəxtiyar Vahabzadənin vətənə verdiyi xeyirin bir faizini vermisən?”

Boynuma alıram, verməmişəm. Bəxtiyar Vahabzadə çox xeyir verib. Bakıda metro tikib, filarmonoya tikib, Səməd Vurğunla şərik Qız qaıasını da o tikib…

Mirzə Fətəli Axundovun “Aldanmış kəvakib” povestini də Bəxtiyar Vahabzadə yazıb…

Mən – heç nə…

İndi Bəxtiyar Vahabzadənin şeirlərini diqqətlə oxuduqca görürəm ki, onun aviasiya sahəsində də xidmətləri böyükdür. Hamınıza məsləhət görürəm ki, onun “Təyyarələr” şeirini oxuyasınız.

“Yerdən alıb öz gücünü

Qalxar göyə təyyarələr…”

Bəxtiyar Vahabzadə burda Rayt qardaşlarını qabaqlayıb. Düzdür, ilk təyyarəni Rayt qardaşları 1903-cü ildə uçurdublar. Ancaq bilməyiblər ki, təyyarə gücünü yerdən alır…

“Sərnişinə vüqarından

vüqar verir təyyarələr…”

Burda məsələ bir az qaranlıqdır. Mən özüm təyyarədə az uçmamışam. Ancaq bircə dəfə də təyyarə mənə vüqar verməyib. Heç başqa sərnişinlərin də vüqar aldıqlarını görməmişəm. Təyyarə bəzi sərnişinlərə qorxu, bəzilərinə ürəkbulanması, bəzilərinə başağrısı, bəzilərinə yuxu verir. Görünür, Bəxtiyar Vahabzadə deyən təyyarə ayrı təyyərədir, onda xalq şairləri uçurlar…

“Gecə gedir,

Gündüz gedir təyyarələr.

Məqsədinə,

Mənzilinə

dümdüz gedir təyyarələr”.

Burda dəqiq hesablamalar aparılıb, yəni bir elmi laboratoriyanın işi görülüb, şair bu nəticəyə gəlib ki, təyyarə gecə də gedir, gündüz də. “Məqsədinə dümdüz gedir” misrasını Bəxtiyar Vahabzadə yəqin ki, ustadı Səməd Vurğunun təsiriylə yazıb:

“Ağcaqum çölündə qatar düz gedir…” (Qatar relslə gedir, at deyil, dəvə deyil ki, burcuda-burcuda gedə…)

“Eniş bilməz,

Yoxuş bilməz,

 Dolay bilməz təyyarələr.

Nə burulmaz,

Nə əyilməz təyyarələr…”

Bu musralar, mütəxəssis olmasam da, məndə bir az şübhə oyatdı. Axı turbulentlik deyilən bir şey var, təyyarələr elə enişlərə-yoxuşlara düşürlər ki, bəzi sərnişinlər, üzr istəyirəm, şalvarlarını isladırlar…

“İçəridən alışmasa bu sürətlə,

bu cürətlə

Gedə bilməz təyyarələr”.

Bunu başa düşmədim.  Necə yəni “içəridən alışmasa”? Bəs qıraqdfan alışmalıydı? Həm də belə çıxır ki, “içəridən alışmasaydı”, yenə gedərdi, ancaq sürəti az olardı…

Allah əkbər! Şeytana min lənət!

“Özü kimi

Ölümü də mərdanədir”.

A kişi, insafın olsun, nəyi mərdanədir? Metal ətə qarışır, sümük metala, metal yanıb külə dönür…

“Qaça-qaça” üzülməkləri də bir az şişirtmədir… Üzülməyən nə var ki? Təyyarələr on illərlə uçurlar…

Ancaq bu elmi-fantastik və fıştırıq şeirin axırı o qədər gülməlidir ki, az qaldı qarnım cırıla:

“Yavaş-yavaş ölə bilməz.

Öləndə də birdən ölər təyyarələr…”

Burda mənim yadıma… Yox, “Leyli-Məcnun” əhvalatı yox… Yeznənin makintoşu düşdü. “Birdən yandı…”

Bundan da gülməlisi odur ki, şeir İsmayıl Şıxlıya həsr olunub. Niyə — deyə bilmirəm. Bəlkə İsmayıl Şıxlı uşaq vaxtı təyyarəçi olub. Kəndçiləri bilərlər… Ancaq mən bir dəfə mərhum İsmayıl Şıxlının kabinetində olmuşam. Qabağımda tullanıb əllərini qanad kimi çalırdı. Mənə elə gəlridi ki, xalq yazıçısı bir az da belə tullansa, qanadlanıb uşaçaq və  kabinetinin pəncərəsindən çıxıb qonacaq iki addımlıqdakı Şaumyanın heykəlinin başına…

Oyununuz olsun, ay xalq şairəri və xalq yazıçıları… Bizə sağlığınızda da kef vermisiniz, hələ də verirsiniz…

Ümid edirəm ki, siz də o dünyada kef çəkirsiniz…

27.01. 2019

Реклама