ŞƏHİD HAQQINDA BALLADA

Oğul elə-belə dünyaya gəlmir,
Oğul əvvəl olur ürəkdə istək.

Tanrıya ibadət, seyidə nəzir,

Hələ həkimləri görəsən gərək.

 

 

Naz-nemət içində gün görənlərin,

Varisi doğulur, oğulsa əgər.

Kasıb, əli qabar kənd gəlinləri,
Doğurlar ölkəyə əməkçi, əsgər.

 

 

İşdədir, ayağı yer tutan andan,
Mal-qara otarır, çəpər bərkidir.

Ota, suya gedir yol tanıyandan,

Sökür köhnələni, təzəni tikir.

 

 

Səhər bir tikəni gəvələr çıxar,
Naharın və şamın vaxti bilinməz.

Yanından qız keçsə, qızarıb baxar,
Başı sığallanmaz, əzizlənılməz.

 

 

Yaşının üstünə yaş gəlib düşər,

Ata-ananın da gəlməz eyninə.

Elə ki, on səkkiz yaşı yetişər,

Əsgər paltarını alıb geyinər.

 

 

Anası ağlayar, kövrələr ata,
Oxşayar, saç yolar, varsa nənəsi.

Avtobus aparar, ya da ki, qatar,

Məlum bir ünvana: cəbhə bölgəsi.

 

 
Deputat oğlunu, nazir oğlunu,
Ana-doğma vətən yollamaz ora.
Onu əli qabar bir gəlin doğub,

Ölsə, eləsindən yenə doğular.

 

 

Qurğuşun tabutda bəlkə qayıdar,
Üçüncü dərəcə dəmir medalla.

Qıy vurub dünyanı ana oyadar,
Qurğuşun tabutda oyanmaz bala.

 

 

Bəlkə nazir gələr, gələr deputat,
Vətənə xidmətdən nitq deyərlər.

Harın balaları indi, bu saat,
Cənnət bir guşədə yəqin kef elər…

 

 

Mərasim üz qoyar qəbiristana,
Arvadlar üz cırar, baş da yolarlar.
Yaylım atəşiylə basdırılaraq,
Başqa bir dünyaya şəhid yollanar.

 

 

Nə varlı, nə kasıb var orda bəlkə,

Vətən hamınındır, varsa da əgər.
Hamının dərdini hamı da çəkər,

Analar bölünməz dərəcələrə…

 

 

Üçü, dördü gedər, qırxı da ötər,
Atanın, ananın, dikələr beli.
Düşüb üzüqoylu prezidentin

Ayağına, bir az pul diləyərlər…

 

29. 01. 2019

Samara

Реклама