Sübü bacımın xatirəsinə
O vaxtlar ikiydi o kəndin adı,
Qırmızı Urxana, bir də Sibirkə.
Yaxında molokan kəndi də vardı,
Bu “Sibir” ruscadan gəlirdi bəlkə.
Yəqin gediş-gəliş çətinliyindən,
Onların gözündə bu kənd Sibirdi,
Bankədən çox uzaq deyildi hərçənd,
Yağış yağan kimi yol kəsilirdi…
Qom divarlı evlər üzü qibləyə,
Düzülüb gedirdi Kür qırağıyla.
Elə ki qalxırdı dəniz küləyi,
Bağa-bostana su çəkirdi çarxlar.
Hava qaralanda on-on beş qayıq,
Ağbalıq ovuna çıxırdı birdən.
Adamlar fəhləydi, tutulan balıq,
Yerli vətəgənin, idarənindi.
İdarə yanında uca dirəkdən,
Asılan fənərin gur işığında,
Puşkinin bir uşaq kitabını mən,
Oxuyardım… o vaxt mən də uşaqdım.
Səkkiz-doqquz yaşda. Yay aylarında,
Gəlib bacımgildə qonaq qalardım.
Nə döyər məni, nə danlayardılar,
Hələ başım hərdən sığallanardı.
Yeznə Zülfüqar da sakit adamdı,
Kələ-kötür üzü elə gülərdi.
Səssiz-səmirsiz də getdi dünyadan,
Gizlədib saxladı içində dərdi.
O fənər işığı, o yel çarxları,
Bostanlar və ətri təzə xiyarın.
Yadımdan nədənsə hələ də çıxmır,
Girir vaxtaşırı yuxularıma.
Mehriban bacımın qarabuğdayı,
Üzünün işığı həmişə yanar.
Məni, eybəcər və kifir uşağı,
Sevənin cənnətdə bəlkə yeri var…
Sibir deyilsə də, Sibir tərəfdir,
Mənim on illərlə qaldığım ölkə.
Sibirkə adında uzaq o kəndin,
Çetməz ölənəcən istisi bəlkə…
13.02. 2019
Samara