MƏTBƏX

Elm, texnologiya,
Nə qədər ucalsa da,
Dünən məlum olmayan,
Tapılıb açılsa da,

 

 

Bu əsr daha artıq
Qazan və tava əsri.

Hamımız kulinarıq,
Hamı yemək əsiri.

 

 

Fiziki, kimyaçını,

Filosofu, həkimi,

İndi heç kim tanımır,
Ağ qalpaqlı şef  imi,

 

 

Kulinar tamaşalar,

Doldurur kanalları.

Seriallar başbaşa,
Tükənmir gecə yarı.

 

 

Bütün altı qitədən,
Tapılıb alınanlar,

Göyün yeddi qatından,
Vurulub salınanlar,

 

 

Bütün dörd okeandan,
Nələr varsa tutulan,

Meşədə tora keçən,

Ya tələyə atılan,

 

 

Torpaq üstdə göyərən,
Torpaq altda yaranan ,
Üzən, gəzən, yüyürən —
Nə istəyirsə insan,

 

 

Yığılır, nizamlanlır,
Doğranır, tikələnir,
Atılır qazanlara,

Tavalara yüklənir.

 

 

Şefin idarəsiylə
Aşbazlar hərəkətdə.

Bu, mətbəx deyil belə,

Opera və baletdir.

 

 

Alışır, hər şey yanır,

Alov tavana qalxır,

Qaynayan qazanların

Buludlanır buxarı.

 

 

Burda hər qızarılan,
Qovrulan da bir əsər.

Şopen ya Mozart yazan,
Şedevrlərə dəyər.

 

 

 

Mozart ya da ki, Şopen,
Hamınınsa da hərçənd,

Belə mətbəxdə bişən,
Yalnız seçmələrindir.

 
Və Albinoni  dinər,

Qonşu kanalda bəlkə,

Ac uşaqlar görünər,
Görünər müflis ölkə…

 

Burdasa nəciblərin,

Yeməkləri çəkilir,

Tortu bəzəyən inci,

Göz yaşıdır elə bil…

 

26-27. 02. 2019

Samara