“DONDURMA” ƏHMƏDİN KƏNDƏ GƏLMƏYİ

   Ərəbqardaşbəyli, 1960-cı illər

 

Günəş dayananda damların üstdə,
Torpaq yandıranda yalın ayağı,
Milçək də, arı da zalım istidən,
Gizlənib yarımcan dincələn çağı;

 

 

Pambıq alağından nahara gəlib,
Arvadlar kölgəyə sərilən zaman,

Pambıq arxındaca çimib dincəlib,
Duru doğramacdan qarnı curlayan

 

 

Uşaqlar əsnəyib yubadanda vaxt,

Uzaqdan tanış səs gəlirdi birdən.
Diksinib dururdu onda hər arvad,

Uşaqlarsa qulaq şəkləyirdilər.

 

 

Yaşıl köhnə moped, dalında sandıq,
İndicə Salyandan bəlkə çıxardı,

Ancaq xəbərdardı hər uşaq artıq,

Hər uşaq qulağı burda radardı.

 

 

“Məmə, Əhməd gəlir, morojnı Əhməd!”
Uşaqlar həyətdə qışqırırdılar.

“Sağ gəlib çıxmasın, Əhmədə lənət!

Marojna almağa mənim pulum var?”

 

 

Sürtərdi özünü kimsə torpağa,
Özündən gedən də olurdu bəzən.

Ana kötəkləyər, sonra qarğıyar:

“Bala, qan qusasan, ugid öləsən!”

 

 

Get-gedə artırdı səsi mopedin,
Qarı düşmən indi yaxındı kəndə.

Duyurdu hər uşaq cani Əhmədin,

Sərin hənirini həndəvərində.

 

 

Teymurləng elə bil girirdi kəndə,
Buluda qalxırdı dalınca torpaq,

Qaçırdı önünə qan-tər içində,

Qanı fırtığına qatışan uşaq.

 

 

Kimi dondurmanı alıb aşırar,
Ağzının suyunu kimi yalardı.

Cənnət nemətiydi buzlu zəhrmar,
Kənddəsə cəhənnəm havası vardı.

 

 

 

Əhməd mopedini sürüb gedərdi,
“Bir də gəlməyəsən!” – qarğıyardılar.

Arvadlar kətməni qapıb yenə də,
Pambıq tarlasına qayıdardılar.

 

 

 

Pul o vaxt az idi, düzünü deyək,
Çatmırdı çörəyə, qəndə-çaya da.

Sevgi, mehribanlıq olaydı gərək,

Canın yanğısını bir az soyuda…

17.04. 2019

Samara

Реклама