ƏRUSƏ XALANIN XATİRƏSİNƏ

Xəbər gəldi: ölüb Ərusə xala,

Qəlbi neçə dağla yaralı qadın…

Gözləri neçə il işıqsız qalan,
Qulaqları səssiz – dayım arvadı…

 

 

Zindanı tərk edib elə bil gedir–

Kim bilir, bəlkə də işığa çıxar.
Səsi də nemət tək dadar o indi,
Tanrı hüzurunda duracaq axı…

 

 

Çıxar qabağına ciyərparası,
Yaradan rəhm elər, Hacını görər.

Baxar gicgahında güllə yarası,

Sağalıb…Dikəlib, dartınıb öpər…

 

 

Çoxlu zəhmətləri itən, dağılan
Əsəbi, davalı, hikkəli arvad!

İncidən, inciyən, qəlbi dağlanan —
Allahın rəhmiylə rahat indi yat…

 

25. 05. 2019

Samara