YUXUMA GƏLİRSƏN QƏRİB ÖLKƏDƏ…

ANAMLA HƏYƏTDƏ

Yuxuma gəlirsən qərib ölkədə,
Bir dəfə evinə gələsən, anam,

Beş günə də gəlsən, iki günə də,

Görərsən tezliklə mən yanındayam.

 

 

Taxçaya-boxçaya əl yetir bir az
Sil qalın tozunu kitablarımın.
Döşə xalçaları, at kilim, palaz,

Hərdən qırağa çıx, güd artırmanı.

 

 

 

Ətirli sabun al, bəzəkli dəsmal,

Yaxşı mələfə al xırda çiçəkli.
Balışüzlərinin təzəsini al,

Təzə yorğan sırı, başıma çəkim.

 

 

 

Bir dəst stul da al, ucuzu düşsə,
Dəyiş nə sınan var, nə laxlayan var.

Çay al yaxşısından, çay tükənibsə,

Armiudu stəkan, çini çaynik al.

 

 

 

Qonşuya ət aldır bir az dolmalıq,
Süd al, maya da al, özün qatıq çal.

Təndirə girməli halın qalmayıb,
Çörəyi Gülşəndən, Səmayədən al.

 

 

Gəlsən evimizə, gələrəm hökmən,

Yolların tilsimi sınar bir  anda.

Gedərəm iyinlə, hənirinlə mən,
Tezliklə görərsən məni yanında.

 

 

Soyuq, nəm komamız, gəlsən, isinər.
Qanı soyuq ölkə, qəlbi daş ölkə,
Mənimçin yenidən vətənə dönər,
Gəlsən evimizə bir dəfə bəlkə…

 

07.07. 2019

Реклама