YAYIN GÜNÜ BU NƏ YAĞIŞ…

Yayın günü bu nə yağış? –

Yağır, kəsmir haçandan.

Hünər elə, göyə dırmaş,
Tuta bilsən ucundan.

 

 

 

Göyün üzü hisdi, pasdı,
Bu nə yay, bu nə iyul!
Axın səkiləri basdı,
Çölə çıxmalı deyil.

 

 

 

Qolu, qıçı sızıldayan,
Başı, gözü ağrıyan —
Belə yaydı gözlədiyin?

Bu, iyuldur doğrudan?

 

 

 

Çimərlikdən qaçıb gedir,
Tək-tük uşaq-muşaq da.

Səhər, axşam qasırğadır,
Dəniz kimi daşır çay.

 

 

 

Bəlkə ota, ağaclara,
Bu yağışlar xeyirdir.

Mənim kimi qocaları,
Sıxır ancaq, keyidir.

 

 

 

“Gözümə qara su!” dedi,

Görüb Ağsunu şair.

“Ağsu!” deyib mələyərdi,
Görsə bu yağışları.

12.07. 2019

Samara

Реклама