FƏSİL İTİMİ

İdarəsi pozuldu,
Deyəsən göylərin də.

Nə iyulu iyuldu,
Avqustu avqust nə də.

 

Günəşin dəlisov yel,
İstisini talayıb.

Buludlar da elə bil,
Qara qurum bağlayıb.

 

 

Ara vermir yağışlar,

Gülləri büzüşdürür.
Öndə payız və qış var,

Yay indidən üşüdür.

 

 

Sahilə, çimərliyə,
Yox daha düşən yaxın.

Girinc qalıb çörəyi,
İsti havadan çıxan.

 

 

Payız paltarındadır,

Uşaq-böyük  haçandan.

Quş da bəlkə aldanar,
Yığışıb köçər indi.

 

 

Təəssüflənir hamı,
Hamı giley-güzarlı.

Qara hamının qanı,

Hamı məyus, azarlı.

 

 

Ömür gedir ömürdən,

Məhəl qoyan da yoxdur.

Bir fəsil itdi birdən  —

Uşaq-böyük darıxdı…

 

02. 08. 2019, Samara

Реклама