ANAMIN SƏSİ

Otuz beş il, qırx il geri dönəsən,
Qayıdıb dünyanı həmin görəsən.

Həmin Amerika, həmin SSRİ,

Brejnev də həmin, çənəsi əsir.

Xariclə arada dəmir pərdə var,
Nə yaxşı yemək var, nə yaxşı paltar.

Ayaqqabıların çıxır dabanı,
Dəyişək şalvarı yox hər adamın.

Maşını olanın hörməti də var,
Maşın da nə maşın – sürən ağlayar..

Telefon yüz evin birində vardı,
Telefonluların adı ağırdı…

Zəngi uzaq yerə vuranda isə,
Gedirdin danışıq məntəqəsinə.

Sifariş verirdin iki gün qabaq,
Qorxurdun bəlkə heç alınmayacaq…

Qayıda o günlər yenə, deyirəm,
Gedib bir danışıq sifariş verəm.

Vaxt gəlib yetişə, mən də tələsəm,
Yüyürəm danışıq məntəqəsinə.

Dəstəyi əlimə alanda əsəm,
Çaşam və az qalam sinəmə basam…

Əvvəlcə xışıltı gələ o başdan,

Sonra əziz o səs dinə yavaşdan…

“Xeyrulla!” deyərək ağlaya anam,
Gözümün yaşından dəstək islana…

Ah, beş-on il geri qayıda aləm,
Anamın səsini eşidə biləm…

 

17. 08. 2019, Samara