Bundan sonra maraqlanıb həmin şeirin İnternet həyatını öyrənmək istədim. Və gördüm ki, Vüsal Ağayev adlı bir adam onu Bakıda çıxan “Yurd” adlı ədəbi-bədii jurnalın sentyabrda çıxmış səhifəsində öz adına çap etdirib. (“Titrəyə-titrəyə sıxdım əlini…”) Bunu Vüsal Ağayevin FD-dakı səhifəsində gördüm. Vüsal Ağayev şerlərinin çıxması barədə dostlarına car çıkib və jurnalın “öz şerirləri” gedən səhifəsinin skrinşotunu da qoyub. Skrinşot keyfiyyətsiz və solğun olduğundan mətnlər oxunmur, ancaq iki şeirimi görə bildim, biri elə bu “Görüş” şeiri, biri də “Oğlan məktub alıb” şeiri. Qalan şeirlərin mənim olub-olmadığını deyə bilmərəm, gərək jurnalı görəm.
İnterneti bir az da axtarandan sonra bildim ki, hələ bir il əvvəl Vüsal Ağayev “Görüş” şeirinə klip çəkdirib və “Super şeir” kimi öz adından youtube-da yerləşdirib.
Mən söz düşəndə deyirəm ki, yaxşı saydlğım şeirlərimi qırx yaşına yaxın və ondan sonra yazmışam. 70-ci illərdə yazdığım şeirlərə elə əhəmiyyət vermirəm və yəqin kitab nəşr etdirmək imkanım olsaydı, o şeirləri heç salmazdım da. Ancaq o şeirlər mənimdir. Onlara yiyə çıxan “insanın” nə qədər əxlaqsız, nə qədər rəzil olduğunu təsəvvür etməyə mənim fantaziyam çatmır…
İlk gənclikdə yazdığım şeirlərin çoxu, o cümlədən Vüsal Ağayein oğurladığı yazılar Salyanın “Qələbə” qəzetində çap olunub, o vaxtlar şəhərdə “Kürün töhfəsi” adlı ədəbi birlik vardı, ayda bir dəfə üzvlərin şeirləri qəzetdə gedirdi. Həmin qəzetlər məndə də qalırdı, indi kənddəki ata evimiz uçmayıbsa, orda sarı portfeldə o qəzetləri tapmaq olar.
Deyirəm bəlkə Vüsal Ağayev məni ölmüş bilib kənddəki ata evimizi qarət edib? Yəni Vüsal Ağayevin ölüsoyan olduğuna şübhəm yoxdur. Ancaq mən ölməmişəm axı…
Öz şeirlərim bir yana, mən hələ son üç ildə bəlkə beş-altı kitablıq tərcümə eləmişəm – rus, ingilis, fransız dillərindən. Onlara Azərbaycanda heç bir maraq yoxdur. İndiyəcən bir adam çıxmayıb ortaya ki, deyə gəl bu tərcümələri çap eləyək, onlar bizim ədəbiyyatımıza gərək olar… Nədənsə öz şeirlərimi, hətta zəif şeirlərimi özgənin adıylasa çap edirlər. Buna mən nə deyim?
Mən Azərbaycandan 1981-ci ildə getmişəm. Dörd ildən çoxdur ki, orda olmamışam. Vətən necə dəyişib, nə qədər dəyişib, bilmirəm. Ancaq görürəm ki, əxlaq sarıdan ölkəm lap geriləyib…
Gəncliyində (özünü peyğəmbər elan edənə qədər) yaxşı ədəbiyyatçı olmuş Asif Əfəndiyev bir dəfə yazmışdı: “Dünyanı keçəlhəmzələr bürüyüblər…”
Düzdür. Ancaq dünyanı yox… Azərbaycanı…
Çox təəssüf.
Xeyrulla Xəyal
08.10. 2019, Samara
P.S.
MƏNİM ŞEİRİM YUBANDI…
Mənim şeirim gecikdi,
Ha gözlədim, yubandı.
Gəlib ancaq yetişdi,
Saç-saqqal ağaranda.
Əlim qələm tutandan,
Yazdım, qafiyələdim.
Elə ki keçdi zaman,
Gördüm şeir deyildir…
«Bəlkə bəyənər» dedim,
Yazdım hər vurulanda,
Başdan aşanda dərdim,
Ürəyim qırılanda.
Duyğular soyuyanda,
Soyudum yazdığımdan.
Bir gün atıldı oda,
Canımı qızdırmayan,
Sevgi sovuşdu qəlbdən,
Yatdı canda sızıltı,
Qəfil, gözlənilmədən.
Əsil şeirim yazıldı.
Dostlardan aralanıb,
Dönəndə yalquzağa,
Əsil şeirim yaranıb,
Başladı yazılmağa.
Uzaqlarda qalanda,
Əziz və doğma yerlər,
Öz-özündən alındı,
Gəldi yaxşı şeirlər.
Nə mülküm, nə varisim,
Yazdığımdır olanım.
Gün gələr, gedəsiyəm,
Şeirlərdir qalanım.
Yaxşı şeirlər axdı
Gəldi ömrün sonunda,
Çünki ölüm yaxındır,
Gəldi qorxmayım ondan…
14.01. 2019
Samara