BƏY HAMAMI

Ərəbqardaşbəyli, 1960-cı illər

 

Nə məscid, nə hamam, nə də ki, klub,

Bizim kəndimizdə vardı o vaxtlar.

Kefi cavanların kartdı, oturub,
Hərdənbir tuğayda oynayırdılar.

 

 

Kəndimiz kiçikdi, ildə bir neçə,

Toy vardı. Gözlərdi toyları hamı.

Səbir tükənirdi vaxt yetişincə,

Kəndin toylar idi əsil bayramı.

 

 

Yeddi-səkkiz cavan toy günü səhər

Salyana gedərdi bəyin başında.

Bayram paltarları geyinərdilər,
Kürü keçirdilər, sonra maşında,

 

 

Salyan şəhərinə yetişən kimi,

Nömrə hamamına üz qoyurdular.

Dəstə keçirdisə yanından kimin,
Baxıb gülürdülər işi duyaraq.

 

 

Başdan tük qapandı Salyan uşağı,
Qurdu ulayırdı kəndçi görən tək.

“Qorxuram hamamda bəy kirə çıxa”,
Deyirdi qırışmal baxıb gülərək.

 

 

Arvadlar keçəndə qımışırdılar,
Sataşan, söz atan bəzən olurdu.

Cavanlar elə bil vuruşdaydılar,

Hamama gedən yol cəbhə yoluydu.

 

 

Nömrə hamamına gəlib çatan tək,
Qarşılanırdılar sevinclə hökmən.

Hamamçı, kisəçi, süpürgəçi də,
Pul, xələt güdürdü həmişə bəydən.

 

 

 

 

Nömrə ayrılırdı tez cavanlara,
Ətirli sabun da, təzə qətfə də.

Kisəçi işləmir, kişi can qoyur,

Sürtülən az qalır özündən gedə…

 

 

Bitirdi, nəhayət, hamam dəsgahı,
Çıxırdı şəhərə yenə cavanlar.

Odekolon ətriylə basıb ətrafı,

Bəy qonaqlığına gedirdi onlar.

 

 

 

Girib yol üstündə yeməkxanaya,
Küftə yeyirdilər yüz-yüz araqla.

Üstündən içərək limonlu çayı,
Kəndə dönürdülər gülüşlə, lağla…

 

 

 

Zurna çalınırdı kənddə bu zaman,
Bir azdan gəlin də gətirilrdi.

“Ay aman, bəy gəlir, baxın, hamamdan!”

Deyib qaçırdılar uşaqlar indi…

 

 

Sonra toy… Çal-çağır səhərə qədər,
Sonra qovuşardı  təzətoylular.
Razıydı, xoşbəxtdi toya gələnlər,

Bəylə gəlin isə… Bunu bilən var?

 

 

Davam eləyirdi kəndin həyatı,

Başqa toyların da vaxtı gəlirdi.

Bəyə öz toyundan hamam dəsgahı,
Bəlkə də  ən şirin xatirə idi…

 

30-31.10. 2019, Samara