“BƏZƏN GECƏ GÖZÜ ŞEYTAN AZDIRIR…”

Bəzən gecə göcü şeytan azdırır,
Keçirik qaranlıq məhəllələrdən.

Ulduzlar sönüküb, fənər də azdır,

Seçmirsən qarşıdan gələnləri də.

 

 

 

Bu yerdə nə desən gözləmək olar,
Nəyin var alarlar, həm döyülərsən,

Haraya gəlməyə burda kimin var? –

Tələs, ayağını diri götür sən!

 

 

 

Keçirsən dalanı arxayın ancaq,
Gedirsən, burulub tini, irəli.

Bilirsən qabaqda işıq yanacaq,

Nə quldur? Qoy gəlsin, varsa hünəri!…

 

 

 

Məzarlıq yanından yol düşür hərdən,

Ertədir, işıqdır hələ həndəvər.

Qorxur, üşənirik, bilmirik nədən,
Çaşır, ayaqların dalınca gəlmir.

 

 

 

Nədir bu qorxunu yaradan, ya kim,

Nədir bu sarsıntı, bu süstlük hardan?

Bıçaqla, tüfənglə gələn deyil ki,

Çıxıb dalımızca biri məzardan?

 

 

Həyatın zülmünə, qəzalarına,
Nemət tək öyrəşib yaşayır insan.

Yuxu qorxusu var məzarlıqların,
Əbədi yuxudur bizi qorxudan…

 

12.11. 2019, Samara