“Mən sizi sevirdim…” Neçə kinoda,
Nə qədər şeirdə, romanda söylər,
Ya kişi qadına, əksinə ya da,
Sevirdi… şahiddir eşqinə göylər…
İndi o sevgidən qalan nədir bəs,
Acımı, şirinmi — xatirədirsə?
“Sevirdim…” Yaddaşdan gələndir bu səs,
Nə eşq? — yaddaş ona əgər yerdisə…
Sevgi zamanının keçmişi yoxdur,
İndiyə qalmayan sevgi deyildir.
“Yanıldım… aldatdım” deməyə qorxur,
Deyirik “sevirdim sizi” min ildir…
15.11. 2019, Samara