CƏFƏR

Yaxşı dostum vardı, adı da Cəfər;

Bütün fizikanı, riyaziyyatı,
Yuxudan durğuzsan, deyərdi əzbər.
Sevirdi bir az da ədəbiyyatı.

 

 

Gözəl bir oğlandı, gözləri ala,

Qaşları çatmaydı, ağdı dərisi,

Mizrab telə dəydi – gedir xəyala,

Musiqi hərisi, muğam dəlisi…

 

 

Bir qız da sevirdi – dünya gözəli,
Yanında yalandı Kətrin Dönev də.

Məsələ mürəkkəb, çətindi həlli,

Hərdənbir döyüşlər gedirdi evdə…

 

 

Mən də nadan uşaq, on altı yaşlı,
Başda eşq havası nə qədər desən.

Çaldığım xaricdi, yazdığım naşı,
Cəfərsə xoşlardı bilmirəm nədən.

 

 

Mən ona əvəzsiz qulaqdım həm də,
Dinləyər, yatmazdım, sübhü də açsaq.

Eynşteyn, Nyuton, Əsli-Kərəm də,
Mənə maraqlıydı, haçan danışsaq.

 

 

Gecə səhərəcən Stansiyanı,
Gəzirdik bu başdan o başa qədər,

Gah relslə, gah düşüb yol qırağıynan,
Gedirdik, yorğunluq, yuxu bilmədən.

 

 

Vecsiz, narahatdı ayaqqabılar,

Gecə bürküsü də nəfəsi kəsir.

Söhbətə tükənməz amma maraq var,

Nə mən, nə də ki dost deməzdi “bəsdir”…

 

 

 

Ulduzlar sönməyə tələsmirdilər,
Səadət ümidi şüalarında.

Keçən vaqonların səs-səmirində,
Xoşbəxt uzaqların sorağı vardı…

 

 

 

Gözləri dolardı dostumun hərdən:

“Çıxmaram heç otuz yaşıma, bildin?”..

Ölümsə, gənc idik, uzaqdı bizdən,

Otuz yaş düz otuz işıq iliydi…

 

 

17.11. 2019, Samara