ÜÇİLLİK ƏSGƏR

Qardaşlarım Sefulla və Süleymanın xatirəsinə

 

Bəxtinə üçillik düşən əsgərin,

Əsrə bərabərdi gedib gəlməyi.

Yaxına getmirdi – Sibir, Saxalin,
Ural, Maqnitaqorsk, ya Almaniya.

 

 

Ayrılıq çəkməkdən üzülüb gedir,

Ana qocalırdı, elə ata da.
Ancaq bu üç ildə bəziləri də,
Uşağın sayını artırırdılar…

 

 

 

Məktublar gedirdi uzaq hissəyə,
Yazırdı əsgərə hər qələm tutan.
Atadan məsləhət, öyüd, tövsiyə,
Ananın məktubu əsgər ağladan…

 

 

 

Ordu paltarında çəkilən şəkil,
Hökmən asılırdı yuxarı başda.

Əsgər suvaq vurur, bəlkə yol çəkir,
Baxır, generala ana oxşadır.

 

 

 

Bacısı böyüyüb, gəlir elçilər,
Qardaş gəlməyincə toy yubanacaq.

Olsa yaxınlardan öləni əgər,

Əsgərə yazmırlar: “darıxar uşaq”…

 

 

 

Pay gedir əsgərə evdən arabir,

Qoz-fındıq, mürəbbə, yun corab gedir.

Xəlvətə çəkilib kürüdən dadar,

Xanlar konyakını içər komandir.

 

 

 

Qurbanlıq quzu da boy atmağında,

Ailə üzvünə çevrilib indi.

İsnişib hamıya, sevir hamı da,

Bilmir ancaq onu gözləyən nədir…

 

 

Aşır son aylarda həyəcan həddən,
Nə götürüb-qoyur, bilmir heç ana.

Şəklinə göz dikib ağlayır hərdən,

Pul verir seyidə, dua yazana.

 

 

 

Saralır ağacda, heyva üzülür,

Sarsıdır gələni, gedəni iyi.

Tənəkdə torbaya salınıb üzüm –

Beləcə saxlanır əsgərin payı…

 

 

 

Nəhayət, yetişir soyuq dekabr,
Qışqırıq qəfildən kəndi bürüyür.

Muştuluq istəyən uşaqlar qaçır,

“Verərəm!” deyərək ana yüyürür.

 

 

 

Gəlir tay-tuşunun əhatəsində,
İyirmi iki yaşlı üçillik əsgər.

Ordu yerişiylə gəlir, səsində,
Amma titrəyiş var, dodağı əsər…

 

 

 

 

Hamı qucaqlaşır, hamı qol-bouyn,
Mələdib kəsirlər  qurbanı tezcə.

Qazanlar asılır, iç qovurulur,

Ziyafət çox uzun çəkər bu gecə…

 

 

 

Hələ bitməyəcək bir həftə məzə,
Hələ xala, bibi qonaqlığı var.

Salyana yollanar, dolanar, gəzər,
Tində dostlarıyla qızlara baxar…

 

 

 

Yetişər, nəhayət, bu bayram sona,
Ordu diş tozunun necə dibidir.
Unudular fırça, səhər idmanı,

Daha qayıtmısan – hərbin indidir…

 

19-20. 11. 2019, Samara