PEDMƏKTƏB YOLDAŞIM ƏHMƏDAĞANIN XATİRƏSİNƏ

Əhmədağa ölüb… Əhmədağa da…

Haçansa bir aylıq otaq yoldaşı.
Zirəkdi, güclüydü, qalıb yadımda,
Çox idi bir az da, deyəsən, yaşı…

 

 

Sanki o günlərdən, o yerdən də həm,
Qasırğa tək keçib ötüşüb zaman.

Dağıdıb nə varsa, dağıla bilən,

Süpürülüb gedib önünə çıxan.

 

 

Susub pedməktəbin zəngi nə vaxtdan,

Son dəfə səslənib haçan, kim bilər.

Birdən möcüzəylə  çalına bir an,
Beş-altı son məzun tapılıb gələr…

 

 

Şəhər qalıbsa da, dəyişib adı,

İndi Şirvan olub niyə — bilmirəm.

O vaxt Şirvan kinoteatr idi,

Milləti yığırdı hind filmləri.

 

 

Bir kafe də vardı “Şirvan” adında,
“Sup-xarço” verirdi qarın ağrıdan.

Şəhərsə qorxurdu, yaxşı yadımda,
O vaxt cavan qoçu Xudaverdidən….

 

 

Arası yoxuydu Əhmədağanın,

Dərslə, oxumaqla, yeyib-yatardı.

Pedaqoji məktəb diplomu axı,

Nəyinə gərəkdi? Nə xeyri vardı?

 

 

O vaxtdan görmədim. İşi nə idi

Necə yaşayırdı – bilmirəm, düzü.

Bir neçə uşağı, nəvələri də,
Var yəqin. Onun da qalacaq izi…

 

 

Susub pedməktəbin zəngi yüz ildir,
Çalınan zəng deyil telefonda da.

Uzaq əcəl zəngi fəqət bildirir:

Gələr səninki də yaxın zamanda.

 

22. 11. 2019, Samara