Yaxşı kino vardı, gülməli yaman,
Mən uşaq olanda göstərərdilər.
Evdə televizor yoxdu o zaman,
Gedərdim qonşumuz Ərəstungilə.
Cib dəsmalı boyda ekran ağ-qara,
Yaxşı göstərirdi, yadımda qalan.
Məni elə bil ki qıdıqlardılar,
Ekranda yazılar görünən andan.
Elə ki, başlardı qaçdı-qovdular,
Mən daha gülməkdən ölüb-gedirdim.
Daldan təpikatama, qapazvurdular –
Qarnım cırılacaq indi, deyirdim.
Qolumu çimdiklər, qan çıxarardım,
Saxlaya bilmirdim amma gülüşü.
Ciddi, qaraqabaq Ərəstun hərdən,
Uğunub gedirdi, mənə qoşulub…
Yenə göstərirlər o filmi hərdən,
Televizor rəngli, ekranı yekə.
Baxıram – gülmürəm, bilmirəm nədən…
Mənim özümdədir səbəbi bəlkə.
On iki ya on üç yaşlı o uşaq,
Hanı? Elə bil ki, gedib həyatdan…
Həmin komediya, gülmürəm ancaq,
Yas tutub içimi elə o vaxtdan…
25.11. 2019, Samara