Ehtiramın xatirəsinə
Haçan çiçəkləyir orda şaftalı?
Aprelin sonunda ya bəlkə mayda?
Yurdda meyvələrin çiçək vaxtını,
Son dəfə görməyim çıxır yadımdan…
Ayını, gününü deyə bilmərəm,
Kamil müəllimin bağıydı ancaq.
Mən də Ehtiramla dırmaşıb ləmə,
Baxırdım, gül-çiçək içindəydi bağ.
Göz çəkə bilmirdim şaftalılardan,
Çiçəklər elə bil möcüzəydilər.
Belə görməmişdim onları, ya da,
Belə baxmamışdım indiyə qədər.
Dünyanın ən dahi rəssamı belə,
Çəkməz o qüdrətdə bir ləçəyi də.
Meyvələr yetişər, dərib yeyərlər,
Tanrım, bu gözəllik axı bəs nədir?
Gözümüz bağlanır, baxmırıq axı,
Bağban da gözəllik hayında deyil.
Kim ayaq saxlayır, göz dikir, baxır,
Ona da “havalı”, “dəli” deyilir.
Tanrım, yaratdığın gözəlliklərə,
Baxmadan keçirik, gedir ömür də.
Batmasa, deşməsə tikanı əgər,
Keçərik, ən gözəl gülü görmədən.
Elə sevgilər də çiçəklər kimi,
Görmədən keçirik sevgiləri də.
Dalayır tikan tək – duyuruq kini,
Sevgi nə açılır, dərilir nə də…
12. 12. 2019, Samara