KƏNDİMDƏN ALLAHIN QAÇAQ DÜŞMƏYİ

2

        1960-cı illər

Kəndimin adında “ərəb” olsa da,

Bəlkə də ərəblər onu salsa da,
Çoxdan getmişdilər din gətirənlər,
İndi ləğv olmuşdu yazıları da,

Quran tək-tük evdə vardısa əgər,
Oxuya bilənlər lap az qalırdı.

 

 

Traktor yeridib, evini yıxıb,

Qaçaq salmışdılar kənddən Allahı.
Məktəb direktoru gülüb deyərdi:
“Allah qalığıdır keçmişin ancaq.

Dünən ağac əkdim, bu gün göyərdi –

Hanı burda Allah? Mən varam və bağ!

 

 

 

İbtidai insan mağaralarda,
Qorxub qaranlıqdan, deyib “Ya Allah!”

Ərəb işğalçısı gətirib bura,
Allahı, Quranı baş aldatmağa.
Gözəl kommunizmi xalqımız qurar,

Ehtiyac ödənər ətə və yağa…”

 

 
Kəndimə haçansa din gətirənlər,
Çoxdan getmişdilər. Millətə rəhbər,

Tanrı deyənlərdi indi özünə.
Müəllim miskindi, azdı savad da,

Xəlvəti “Ya Allah” deyirdik yenə,
Çünki yaşayırdıq mağaralarda…

 

23. 12. 2019, Samara