ZAMANIN SUALI: RAMİZ RÖVŞƏNİN ƏLİ NİYƏ DARIXIR?

RAMIZ 1.jpg

Bu yaxınlarda Ramiz Rövşənin “Darıxır” şeirini oxuyub elə sarsıldım ki, istədim adımı dəyişib Mirzə Zəlil qoyam, çünki bu qüdrətdə şeirdən xəbəri olmayan insan təkcə əlil deyil, həm də zəlildir.

Şeirin hər misrasını oxuduqca gözümün yaşı sel kimi axdı, iki-üç yerdə özümü saxlaya bilməyib hönkür-hönkür elə ağladım ki, uşaqların anası acıqlı-acıqlı gözümün içinə baxıb dedi: “Yenə o zəhrmarı harda içib gəldin? Aşnalarınla gülə-gülə içirsən, evə gəlib yas qurursan!”

And-aman elədim ki, içməmişəm, məni ağladan şeirdir. İnansın deyə, ucadan oxudum. Ancaq arvadın gözündən bir gilə yaş çıxmadı. Qız vaxtı hind kinosuna baxan kimi ağlardı, elə ona aldanıb aldım…

Hə, qayıdaq Ramiz Rövşənin şeirnə. Arvadı çox da qınamıram, bu şeir riyazi ağıllı, məntiqli, Eynşteyn nəzəriyyəsini Bakı-Sumqayıt marşrutu kimi əzbər bilən oxucu istəyir.

“Cibimdə əlim darıxır…”

Ondan başlayaq ki, bu misra Azərbaycan ədəbiyyatında təzə sözdür.  Bəlkə əl qabaqlar da darıxıb. Ancaq əlin cibdə darıxmağını Füzuli, Nəsimi, Vaqif kimi əjdahalarımız bilməyiblər. Çünki onların vaxtında indiki şalvar-pencəklər, gödəkçələr, plaşlar, paltolar olmayıb. Düzü, mən nə qədər çalışdımsa, Nəsimini ya Füzulini əli cibimdə təsəvvür edə bilmədim. Onlar ələrini qurşaqlarına qoyardılar. Əli cibində insan- yeni insandır, hətta gələcəyin insanıdır, Qoqolun Puşkin haqqında dediyi sözlərdən istifadə etsək, əlini cibinə qoymuş Ramiz Rövşən iki yüz il sonranın azərbaycanlısıdır.

Hə, şair əlini qoyub cibinə, əl də darıxır…

Biz də əıimizi cibimizə qoyuruq, Mirzə Əlilin əli küçədə həmişə cibində olur, çünki bədbət Mirzə Əlil soyuq Rusiyada yaşayır. Ancaq Mirzə Əlil şair deyil, Mirzə Əlil öz doğma əlinin darıxdığını duymur.

Şeir son dərəcə emosional olduğu qədər intellektualdır da. Hər misra oxucuda yüzlərlə suallar doğurur.

Şair əlini hansı cibinə qoyub? Şalvarının dal cibinə ya pencəyinin qoltuq cibinə?

Şairin əli bütün ciblərdəmi darıxır ya konkret cibdə?

Bəlkə şairin cibində pul yoxdur, ona görə əli darıxır? Bu şeiri İlham Əliyevə çatdırıblarmı?

“Ağzımda dilim darıxır”.

Yüz illər ərzində şairlərimiz iddia ediblər ki, guya dil ağızda yanar. Bu iddianın həqiqətə uyğun olmadığını akademik Ramiz Mehdiyev sübut edib. Məsələnin dərin elmi təhlilini vermiş akademik yazır ki, ağız sulu olan yerdir, ona görə dil yanmaz. Bəlkə də akademikin bu tədqiqatı Ramiz Rövşənin yaradıcılığına təsir edib. Şair ağıza dərin poetik nəzər salır, dili incəliklərinə qədər öyrəniur, dilçəyi də gözdən qaçırmır və bu nəticəyə gəlir ki, “dil darıxır”.

Şübhə yoxdur ki, bu poetik kəşf Azərbaycanda tibb elminə də təsir göstərəcək, dilin profilaktikası ilə məşğul olan yeni sahə yaranacaq. Məlum məsələdir ki, Azərbaycanda bir milyondan çox şair var, yəqin ki, əksəriyyətinin dili ağzında darıxır, özlərinin isə xəbəri yoxdur.

Ramiz Rövşənin şeirində incə eyhamlar var ki, hazırlıqsız oxucuya dərhal çatmaya da bilər.

“Darıxır qabım-qaşığım”.

Bu, hökumətə yönəlməyibmi? Qab-qaşıq nə vaxt darıxar? İstifadə edilməyəndə! Yəni Şair (böyük hərflə!) eyham vurur ki, qıtlıqdır, prezident təqaüdü çatmır, qazan asa bilmirəm! Və bunu Füzuli kimi kobud şəkildə, şikayətnamə yazmaqla bildirmir, incə şeirlə çatdırır.

“Darıxır yorğan-döşəyim”.

Bu misra göstərir ki, şair tez-tez ayrı yerdə gecələyir, evə gəlmir, bəlkə vağzalda yatır, bəlkə hamamda, bəlkə bir gözəl xanımın mülkündə… Yoxsa yorğan-döşək niyə darıxmalıdır ki? Şairin müxtəlif yerlərdə gecələməyi isə onun pozğunluğundan deyil, həyatı öyrənmək arzusundan doğur!

 

“Yoluma qızlar çıxsalar,
Gülüb üzümə baxsalar,
Yaxama bir gül taxsalar,
Yaxamda gülüm darıxır”.
Bu bənddən görünür ki, şair ayağını evdən qırağa qoyan kimi yoluna qızlar çıxırlar və gülüb üzünə baxırlar. Əlbəttə, şair olmayan insan deyərdi ki, “üzümə baxıb gülürlər”. Ancaq şeir ali sənətdir, şeirdə qızlar əvvəl gülürlər, sonra güldükləri adamın üzünə baxırlar. Belə şeyləri başa düşməyən vəhşi insanlar çoxdur. Yadımdadır, bir cavan oğlan keçəndə yol qırağında oturmuş qız-gəlin güldü. Oğlan dayanıb nə desə yaxşıdır: “Nəyimə gülürsünüz? Bəlkə ağım açıqdır?”

Ramiz Rövşənə də qızlar gülürlər, ancaq şair bilir ki, şalvarı qaydasındadır, çünki əllərini tez-tez cibinə salır… Bəli, bu qızlar gülürlər, sonra şairin yaxasına bir gül taxırlar…

Belə mahnı vardı: “Gül niyə verdin…” Cavanlıqda o qədər çaldırıb oynamışam ki… Sərxeyir Ərəstun məni saxlaya bilmirdi…

“Gül niyə verdin…”

İndi Ramiz Rövşən yaxasında gül gedir. Gül də darıxır… Niyə darıxır? Ah, vah… Gül niyə verdin… Gərək o qızlardan biri özü şairin yaxasına sancılaydı..

Nə gizlədim, şeirin bu yeri o qədər xoşuma gəldi ki, başladım zümzümə eləməyə.  “Yoluma qızlar çıxsalar…” Və uşaqların anası bunu eşidib elə dava saldı ki, şeirdən aldığım bütün kefi tökdü burnumdan…

Ah, arvad…

“Yoluma qızlar çıxsalar…”
Ah, cavanlıq…

Mirzə ƏLİL

24. 12. 2019