ŞORSULU

U LENİ

         doktor Əli (Oleq) Talışinskinin xatirəsinə

 

Ruhi xəstəliklər xəstəxanası,
Var idi Salyanda, bilmirəm indi.

Ciddi statuslu, rayonarası –

Xəstə neçə yerdən gətirilirdi.

 

 

 

Şəhərdən aralı, Şorsuludaydı,
Beləcə çıxmışdı kəndin adı da.

Haçan, harda əgər soruşsaydılar,
Hökmən dəlixana xatırlanardı…

 

 

Sözü çəp gələndə iki arvadın,

“Yerin Şorsuludur!” biri deyərdi.

“Sən ordan çıxandan o yer boşaldı?” –

Deyib o birisi ala verərdi.

 

 

 

Müəllim uşağı hədələyərdi,
Uşaq müəllmi müəssisəylə.

Kişi arvadında, arvadı ərdə,

Xəstəlik görürdü – döyülsə belə.

 

 

Şəhərdən uzaqdı xəstəxanasa,
Onu öz gözüylə görən də azdı.

Ağıllı-kamallı sayır hər insan,
Təbbii, özünü, əgər azaddı.

 

 

 

Ağlı başındaydı bıçaq da vuran,
Ağlı başındaydı kəllə atan da.

Soyub soydaşını ziyafət quran,
Azdıran, aldadan, alıb-satan da.

 

 

Şorsulu zamindi sanki hər kəsə,

Yəni dəli varsa, o, başqasıydı.

Şorsulu kəndinin müəssisəsi,

Salyanın sağlamlıq arayışıydı.

 

 

 

Kənddəsə, o qərib müəssisədə,
Bədbəxt gah uğunur, gah da hönkürür.

Gecələr göylərə baxsa kimsə də,
Onu hədələyən Tanrını görür…

 

29. 12. 2019, Samara