Haçan kəndə getsəm yay aylarında,
Görərdim qonşumuz Bəyim arvadı.
Tez-tez özü bizə gələrdi, ya da,
Yol üstdəki arxda nəsə yuyardı.
Alnımdan öpərdi, ağlayardı da,
“Xeyrulla, gəlmədin niyə, ay bala,
Saçın, saqqalın da ağarıb daha,
Səni qəriblikdi qocaldan belə…”
Salyandan o yana getməyən arvad,
Bilirdi deyəsən qəriblik nədir…
Axı öz elin də bəzən olur yad,
Qəriblik çəkən var öz evində də…
Ürəyi yumşaqdı Bəyim xalanın,
Qoşulub ağlardı dərdli görəydi.
Cibində şirnini, ya da almanı,
Saxlardı bir uşaq sevindirməyə.
Səsi həm ürkəkdi, həm də hüznlü,
Quruyub getmirdi yaşı gözündən.
Deyirdi haçansa təklik üz verib,
Ağlayıb, şeir də qoşub özündən…
Bəyim xalanın dediyi şeir:
“Qaldım dağlar, daşdar arasında,
Kirpiklərim qannar, yaşdar arasında.
Mənə cəfalar oldu,
Qohumlar, qardaşdar arasında….”
08. 01. 2020, Samara