Aytəkin Axundzadəyə
Sərnişin qatarı keçəndə bəzən,
Sahildən gəmiyə baxırsan ya da.
Adamlar görürsən pəncərələrdən,
Açıq göyərtədən – yazda və yayda.
Baxırsan naməlum sərnişinlərə,
Həsəd ürəyini nədənsə didir.
Elə bilirsən ki, hamısı şən və,
Dünyanın ən yaxşı yerinə gedir..
Mən də vaqonlarda getmişəm axı,
Qol-qıç uzatmışam göyərtələrdə.
Bəlkə kimsə mənə kənardan baxıb,
Məni xoşbəxt sayıb, duyub həsəd də.
Mənsə yas içində bəlkə həmin an,
Axar qara qanım, çırtmaya bəndəm.
Yaxşı yer haradır? – sən, mən olmayan,
Sən, mən hardayıqsa – ora cəhənnəm…
Bəlkə bəxtəvərlik bizə verilir,
Görmürük, duymuruq, ötüşür zaman…
Xoşbəxtdir — özündən kim çıxa bilir,
Dayanıb özünə baxır uzaqdan…
20. 01. 2020, Samara