MƏSUMLAR

2

Onlardan ölkənin hər yerində var,
Kənddə uzaqdan da tanımaq olur.

Nabələd görəndə yerə baxırlar,

Bir söz soruşanda gözləri dolur.

 

 

Dindirən olmasa, susub durarlar,

Oğrun yeriyirlər kənd yolunda da.

Sanki yad ölkədən gəliblər onlar,
Muzdla işləməyə, kənizliyə ya.

 

 

Heyvan altı atır, mal ötürürlər,
Kürdən, ya da arxdan su daşıyırlar.

Çalışır, əlləşir, söz götürürlər,
Bacının, qardaşın uşaqlarıyla.

 

 

Yerləri süfrənin qıraq yerində,
Dadını bilməzlər yediklərinin.

Nəsə desələr də astaca hərdən,

Məhəl qoyan olmaz dediklərinə.

 

 

Onların qisməti özgə toyları,
Özgə sevinciylə sevinəndilər.

Öğul toyu edir indi tayları,

Qızları böyüyüb gəlin gedirlər.

 

 

Onlarsa qarıyır, subay qalırlar,
Qardaş bucağında, ya da ki, tənha.

Bədəni iş üzür, qəlbi qayğılar,
Acı xatirədir cavanlıq daha.

 

 

Çəpərdən qıraqda başqa dünya var,

Bəlkə onların da bəxti ordadı.

Çəpərdən qırağa ayaq qoymağa,
Ancaq iradə və əzm hardadı?

 

 

Kim bilir ölkədə indi neçə min,
Qarıyır, qocalır qız uşaqları.

Kişisi kef çəkib gəzən millətin,
Qadını qeyrətə keşişkçi qalır…

 

 

Onların hər biri tanınar asan,
Məsum baxışlarla üzünə baxcaq.

Məryəm surətini xatırlayarsan

Görsən – körpəsizdir qucağı ancaq…

 

26. 01. 2020, Samara