Hər şeyə öyrəşir insan, ilahi,
Elə mən…Öyrəşdim qara, şaxtaya.
Qış ilıq keçəndə ürək darıxır,
Gəldi-gedər kimi baxıram yaya.
—
Orda… Dörd ildən bir orda deyəsən,
Əsil qış olardı –şaxtalı, qarlı.
Bir gün sevinərdik, sabahı günsə,
İliyə işlərdi soyuq, donardıq.
—
Nə isti kürk vardı, nə də gödəkçə
Yazın, yayın, qışın çəkməsi birdi.
İçi islanırdı qar üstdə gəzcək,
Yaş corab ayağı gizildədirdi.
—
Hamı qısılırdı evdə ocağa,
Yatacaq soyuqdu, nəmi də vardı.
Məktəbə gedəndə əl-üz yumağa
Tezdən yazıq anam su qızdırardı…
—
Yemi tükənird mal-qaranın da,
Acdı qarınlrı, yerləri yaşdı.
Hamı acıqlıydı, qanı qaraydı,
Orada o vaxtlar qış belə qışdı…
—
Məni üşüdərdi qarlı şimallar,
Görsəm ekranında televizorun.
Deyirdim mən hara, şimallar hara,
Yurddan çıxmamışdım ömrüm uzunu…
—
Hər şeyə öyrəşir, insan, ilahi,
Öyrəşdim şimala, şaxtaya mən də.
Dözürsən – gün ayda bir dəfə çıxır,
Dözürsən – ulduz yox göyün üzündə…
—
Monqol səhrasına, Sibir düzünə,
Öyrəşib yaşardım bəlkə beləcə.
Çətin iqlim deyil, çətin özüməm,
Bilmirəm özümlə dil tapım necə…
31.01. – 01.02. 2020, Samara