Nəsə axtaranda, təsadüfən ya,
Tapırsan lap köhnə bileti birdən.
Atmağa gəlməyib əlin haçansa,
Səfərdən yadigar bəlkə bilmisən.
Təyyarə bileti, ya da ki, qatar,
Saxlanıb əlfəcin əvəzi bəlkə.
Tapanda kitab da yadında çıxar,
Biletə baxarsan, gözün yol çəkər…
Dinər qulağında mühərrik səsi,
Uçuş həyəcanı yaşarsan yenə.
Diktorun qəribə ingiliscəsi,
Lirik nəğmə kimi yatar qəlbinə.
Ya da ki, vaqonun plaskartına,
Girərsən, itələr dal da, qabaq da.
Yerini düzəldib, başını atıb,
Yatarsan, bir gözün qalsa oyaq da…
Hər uzun yolun da sonu var axı —
Gəlib yetişirsən…Həminki ölkə…
Adamlar da həmin. Əlini sıxıb,
Hal-əhval soruşub çəkiləcəklər…
Baxıb boylanırsan həndəvərinə,
Bilmirsən dalınca gəldiyin nədir.
Yola çıxacaqsan sən ancaq yenə,
Belə səyahətlər hələ öndədir.
Cənnət guşələr var yer kürəsində,
Yolu oralara düşən — bəxtəvər!
Sarsıdar ruhunu, zəngin edər həm,
Köhnə biletlərə baş tutan səfər!
11.02. 2020, Samara