ŞƏHİD ƏSGƏR İBRAHİM VƏLİYEVİN XATİRƏSİNƏ

İBRAHİM VƏLİYEV

“Qəhrəmancasına” yazırlar öldün.

“Məcburi köçgündün”, şəhidsən indi.

Sən nə yaşadın ki, oğul, nə gördün?

On səkkiz yaşında gülləyə gəldin.

 

Ölümü kasıbın alnına yazır,

General Həsənov, möhür tək vurur.

Üçüncü dərəcə medalın hazır! –

Şəhid həyatının qiyməti budur!

 

Kasıb, köçkün oğlu! Nəyi qorudun?
Ya kimi qorudun can verən zaman?

Bəlkə şərəfini sən öz yurdunun?
Körpəni, qocanı bəlkə yağıdan?

 

 

Bəlkə qoruyurdun harın bankiri,
Bankir arvadını, qızını ya da?
Bəlkə nazirləri, məhkəmələri?

Sənin kimiləri talayanı da?

 

 

Ya bəlkə şarlatan deputatları?

Mandatla  milyonlar qazananları?
Ölkələr dolaşan gül arvadları? —

Kimdən ötrü axır qızıl qan axı?

 

 

Şəhidlik şərəfsə, niyə qaçırlar,
Başda oturanlar belə şərəfdən?

Qaçır cəbhəçilər, müsavatçılar,
Yapçılarsa qaçır hamıdan öndə.

 

 

Qaçır “türkəm!” deyib yaxa cıranlar,

“Gedib İrəvanı alaq!” deyənlər.

Sifəti yağlılar, yekəqarınlar,
Qalstuk taxanlar, əba geyənlər…

 

 

Köçgün valideynin şəhid balası,
«Fəxri» məzarlıqda  indi yerin var.

Qətlinə baisin əzizi ölsün,

Qalsın anan kimi anası ağlar…

 

24.02. 2020, Samara