XOCALI QURBANLARININ XATİRƏSİNƏ

26 SENT 2019. 2

Ədalət istəyir xalq Xocalıya.

Kişi də, arvad da çəkdirir şəkil –

Göbəyi üstündə tələb yazılıb,
Bəzənib-düzənib, toydur elə bil.

 

 

“Xocalı! Ədalət!” —  həmvətən deyir,
Qıçını aşırıb qıçının üstə.

Yaxşı restorandır elə bil yeri,

Yeyib, ədaləti desert tək istər.

 

 

“Xocalı, Ədalət! Və gəlsə lazım…”
Deyir prezident odlu-alovlu.

Londonu, Parisi gəzir qızları,
Gəzir uzaqları arvadı, oğlu.

 

 

Hakimlər, bankirlər, prokurorlar,
Heyvərə polislər, kal generallar,
Nazirlər, millətdən doktor adıyla,
Qan soran həkimlər, can da alanlar,

 

 

“Xocalı! Ədalət!” bu gün istəyir,

Rüşvət istəyirdi necə ki, dünən.

“Dərini soyaram verməsən əgər!”
Sabah həmin-həmin olacaq yenə…

 

 

“Aman, Xocalıya ədalət, aman! –

Tamaşa oynanır görün nə vaxtdır.

Vətənə xidmətdən qaçıb yayınan,
Xocalı rəmziylə şəkil atdırır.

 

 

Döşünə “Xocalı! Ədalət!” taxan,
Bəzəkli xanım da selfi çəkdirir.

Başına and olsun, erməni qağan,
Gətirib verəcək istədiyini…

 

 

İtirib deyəsən  başını millət,
Bilinmir bayramdır, ya da ki, yasdır.

Düzülür ən ləziz süfrəyə nemət,

Yaxşı basıb yesən, bir həftə bəsdir…

 

 

Qurban da kəsilir… Verilir hərçənd –

On səkkiz yaşında kənd uşağına,
Əsgər paltarını geyindirərək,
Güllə qabağına göndərir ana…

 

26. 02. 2020, Samara